Kamilliyə yetişməyin yolu kamilliyə tapınmaqdan, kamilliyi örnək bilməkdən keçir. Allah qarşısında səcdə edən insan, kiminsə qarşısında əyilmir, KAMİLLİyə beyət etdiyini, kamilliyə tapındığını, kamilliyi həyat yolu seçdiyini bəyan edir
Növbəti cümə xütbəsini başlayaraq, İçərişəhər «Cümə» məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu İsrail sionizminin Yaxın Şərq bölgəsində müharibə alovunu yaymaq niyyətlərini pisləyərək, bildirdi: «Mənasız, əsasssız bəhanələrlə sionistlər dinc əhalini qətliama məruz qoyur, humanitar blokadaya salırlar. Suveren dövlətlərin ərazilərinə soxulmağı «müdafiə hüququnun realizəsi» kimi qələmə verirlər. Yaşadığımız kəşməkeşli 2006-cı ildə bəşəriyyət artıq neçənci dəfədir ki, imtahan qarşısındadır. Beynəlxalq birliyin prinsipial mövqe tutması sionizmin işğalçılıq iştahasına mane ola bilər. Bu konteksdə müsəlman dövlətlərinin vahid mövqe sərgiləməsi, vəhdət nümayiş etdirməsi Fələstin və Livan müsibətinə beynəlxalq miqyasda reaksiya verilməsinə güclü impuls verən amillərdəndir».
BƏŞƏRƏ DÖNÜŞ GƏTİRƏN MÖVLUD
Xətib Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövludu mövzusuna toxunaraq, bildirdi: «Bu - sıradan bir bayram deyil. Bəşər tarixində böyük bir dönüşü simvolizə edən, yeni İlahi təlimin ən gözəl çalarlarını özündə əks etdirən bir gündür bu gün. Qadının müqəddəratında inqilabi dəyişiklikləri müəyyən edən İslam dininin bütün gözəlliklərini özündə cəmləşdirən, bəşərə bir kamil qadın obrazının təcəssümü olaraq gələn Zəhra (s.ə.) dühasının günüdür bu gün». «Həzrət Rəsuli-Əkrəmin (s) peyğəmbərlik missiyasını yerinə yetirdiyi ən çətin anlarda, cahiliyyət qaranlığının hökm sürdüyü bir atmosferdə, Həzrət Fatimə (s.ə.) daima atasına layiqli köməkçi olmuşdur. Əziz Peyğəmbərimizin (s) bəşəriyyətə bir Elçi kimi gəldiyi zaman, Məkkə şəhəri başdan-başa bütpərəstlik, nadanlıq, müşriklik, hər mənada insanlığa zidd cahiliyyət durumunda idi. Kainatın, bəşəriyyətin yaranma səbəbi olan Həzrət Muhəmməd (s), İslamın həyatverici lütfünü insanlara çatdırmağa başlayanda, bu - zülmətli qəlblərdə böyük müqavimətə səbəb olmuşdur. Ona hər tərəfdən təzyiqlər edildi, yaxınları, həmməsləkləri incidildi. Və Rəsulun (s) həyatının ən çətin anlarında ona dəstək olan, öz övladlıq qayğısı ilə onu əhatə edən məhz xanım Zəhra (s.ə.) idi».
İMAN - ŞİRKDƏN PAKLANMAQ ÜÇÜN ƏN GÖZƏL VASİTƏDİR
«Həzrət Fatimə (s.ə.) öz qısa, lakin büsbütün İlahi xidmətə həsr edilmiş mənalı həyatı ilə bəşəriyyətə bir canlı nümunədir. Xanımın gözəl irsinin içində əhəmiyyətli yeri onun xütbələri tutur. Bu xütbələrində Həzrət Fatimə (s.ə.) əslində bir çox məsələlərin mahiyyətini, necəliyini, niyəliyini açıqlayır. Xanımın məşhur xütbələrindən birində buyrulur: «Allah Təala imanı sizin şirkdən paklanmağınız üçün vasitə qərar vermişdir»». «Xanım Zəhra (s.ə.) bir tərəfdən şirkin, yəni Allaha şərik qoşmağın pisliyini, zəlalətə gətirdiyini, çirkli bir şey olduğunu bəyan edir, digər tərəfdən bundan təmizlənməyin mübarək vasitəsini açıqlayır. Bildirir ki, məhz xalis iman, Allaha tapınmaq və Onu hər bir şeyin səbəbi, həqiqi qüdrətin mənbəyi bilmək, Onunla hər hansı bir şeyin müqayisə olunmasının mümükünsüzlüyünü dərk etmək - şirkdən paklanmağın yoludur. Yəni şirkdən uzaqlaşmağın yolu - Allah Təbarəkə və Təalanı tapınmaq üçün yeganə hədəf bilməkdir. Bütpərəstliyn hər hansı bir növündən - insana, əşyaya, nəfsani qərizələrə tapınmaqdan qurtuluş yolu - imandır».
KAMALA TAPINMAĞIN TƏZAHÜRÜ
«Hədisin davamında bildirilir: «Və namazı sizin təkəbbürdən pak olmağınız üçün (qərar vermişdir)».» «Görürük ki, burada namazın fəlsəfəsi açıqlanır. Namazın bütün digər zəruri keyfiyyətləri ilə yanaşı, bir mühüm cəhəti də göstərilir - insanın təkəbbürdən xilas olunması. Təkəbbür - insanı zəlalətə aparan ən qısa yoldur. Təkəbbürlük insanın zatı ilə kəskin ziddiyyət təşkil edir. Zira, insan zatən ehtiyaclı bir varlıqdır, daima Allahdan vücud almaq durumundadır, və bu baxımdan insanın təkəbbürə qapılması onun mahiyyəti ilə tamamilə uyğunsuzdur. Bildirilir ki, namaz insanı bu qeyri-məntiqi, təkəbbürlü durumdan xilas etmək üçün ən effektiv vasitədir. Belə ki, gündəlik 17 rükət namazında 34 dəfə səcdəyə gedən, Uca Allahın böyüklüyünü bütün qəlbi ilə dərk edən insan, təkəbbür kimi yersiz xislətlərə malik olmaz». Xətib bildirdi ki, bəzi cahil insanların təqdim etməyə çalışdığı kimi, burada söhbət insanın öz şəxsiyyətini əzməsindən gedə bilməz, əksinə mətləb şəxsiyyətin yüksəlişindən, ruhun pərvazından ibarətdir: «Kamilliyə yetişməyin yolu kamilliyə tapınmaqdan, kamilliyi örnək bilməkdən keçir. Allah qarşısında səcdə edən insan, kiminsə qarşısında əyilmir, KAMİLLİyə beyət etdiyini, kamilliyə tapındığını, kamilliyi həyat yolu seçdiyini bəyan edir. Təsadüfi deyil ki, Məsumlarımız (ə) səcdəni, bəndənin Allaha ən yaxın məqamı kimi təqdim etmişlər. Əlbəttə, namaz tək səcdə ilə məhdudlaşmır. Bunun surələr oxumaq, rüku hərəkətini yerinə yetirmək və digər hissələri var ki, hər birinin öz mənası, öz fəlsəfəsi mövcuddur. Nəticə etibarilə, namaz qılan insan şüurlu surətdə öz varlığını və yaradılış fəlsəfəsində öz yerini anlayır, və dərk edir ki, onun bir Yaradanı var və Xaliq onun üzərində müəyyən vəzifələr müəyyən etmişdir».
|
Göstərmək | Allah Təalanın hikməti budur ki, insan mal-dövlət imtahanından şərəflə çıxdıqda, ona verilən maldan digərlərinə infaq etdikdə, həm ruzisi çoxalar, həm də qəlbi paklanar |
ZƏKAT - İLAHİ İBADƏT VƏ RUZİNİN ARTMASI VASİTƏSİDİR
Hədisin sonrakı hissəsində bildirilir: «Və zəkatı canınızın pak edilməsi və ruzinizin artması üçün (qərar vermişdir)». «Buradan zəkatın ikili təbiəti bəlli olur. Məlum olduğu kimi, zəkat müəyyən həddə var-dövlətə malik olan müsəlmanların kasıb təbəqənin ehtiyacı üçün hər il malının müəyyən qisminin ayırmasıdır. Mübarək hədisdə Həzrət Zəhra (s.ə.) insanlara çatdırır ki, Allahın verdiyi ruzini öz ehtiyaclı qardaş-bacılarınızla bölüşdürdükdə, qəlbinizi tamahdan, xəsislikdən və digər zəlillik xüsusiyyətlərindən pak edirsiniz. Batini mənada, zəkatın ödənilməsi canın təmizlənməsi ilə yanaşı, ruzinin artımı vasitəsi kimi də təqdim edilir. Yəni, Allah Təala zəkat ödəyən, digərlərinə əl tutan, ona verilən maldan infaq edən bəndəsinin ruzisini artırar, onu ehtiyacsız edər. İlahi dəyərlər sistemində «ruzi» kimi təqdim edilən, halallıqla şərtləndirilən sərvət nemətin əsası və həqiqi firavanlığın sütunlarındandır. Allah Təalanın hikməti budur ki, insan mal-dövlət imtahanından şərəflə çıxdıqda, ona verilən maldan digərlərinə infaq etdikdə, həm ruzisi çoxalar, həm də qəlbi paklanar».
İXLASI BƏRQƏRAR EDƏN AMİL - ORUC
«Həzrət Fatimə (s.ə.) oruc tutmaq barədə dinimizin tövsiyələrinə aid buyurmuşdur: «Və orucu ixlasın təsbit olunması üçün (qərar vermişdir)»». İmam-camaat bildirdi ki, ixlas - ibadətin ibadətliyini müəyyən edən bir amildir: «İxlassız, xalis mahiyyətsiz ibadət - mexaniki hərəkətlər məcmusudur. Məhz ixlas, ibadəti İlahi tapınma həddinədək yüksəldir. Və dinimiz orucu bu baxımdan xüsusilə təqdir edir, çünki, oruc - insanda ixlasın təsbit olunmasına, sabit vəziyyətə yetişməsinə səbəb olur. Bir müddət sonra Allahın ziyafət ayı - Ramazan ayı yetişəcəkdir, ondan öncə isə müstəhəb orucların tutulmasının xüsusilə bəyənildiyi Rəcəb və Şaban ayları gəlir. Bununla əlaqədar, ibadətimizdə ixlaslı olmaq üçün təqdim olunan fövqəladə fürsətlərdən yararlanmağa çalışmalıyıq».
HƏQİQİ VƏHDƏTƏ YETİŞMƏLİ
Hədisin həcc əməlinə aid hissəsində buyrulmuşdur: «Və həcci dinə qüvvət vermək üçün (qərar vermişdir)». «Görürük ki, həccin bir fərdi ibadət olması ilə yanaşı, ümmətin vəhdətini artıran, qüdrətini nümayiş etdirən əhəmiyyəti də vurğulanmışdır. Hər il millətindən, dərisinin rəngindən, ölkəsindən, dilindən asılı olmayaraq milyonlarla insan, bir vahid toplum halına gələrək, həccdə birgə surətdə əməlləri yerinə yetirir, vəhdətdə bulunurlar. Bu ibadətin vasitəsilə İslam dini qüvvətlənir, düşmən sarsılır, dostlar isə şadlanırlar. Lakin, bu vəhdət tək həcclə kifayətlənməməlidir. İlin qalan aylarında da ümmət vahid məramlar ətrafında birləşməli, səylərini vahid hədəflərə yönəltməlidir. Allah Təala tezliklə bütün ümmətə həqiqi vəhdət nəsib etsin, inşəallah!».
ƏHLİ-BEYTİN (ə) YOLU İLƏ GETMƏK - NİCATIN NİŞANƏSİDİR
Xətib bildirdi ki, mübarək hədisdə digər cəhətlər də vurğulanır ki, bunların arasında Əhli-beytin (ə) yolu ilə getmək xüsusilə qeyd olunmalıdır: «Və bizə itaət etməyi millətin nəzm tapması üçün, və imamətimizi (rəhbərliyimizi) təfriqələrdən amanda qalmaq üçün (qərar vermişdir)». «Bu mətləblərin önəmliliyini anlamaq gərəkdir. Əhli-beytə (ə) itaət - ümmətin nizama çatması üçün bir vasitə qərar verilmişdir. Ümmət Peyğəmbərimizin (s) yolunu, Əhli-beytin (ə) yolunu tutsa - parçalanmalardan, təfriqələrdən amanda qalar, həqiqi İslamın gözəlliklərindən bəhrələnər, bidət və xurafatlardan qurtular. Və təbii ki, Əhli-beytə (ə) itaət - sözün həqiqi mənasında islamın tövsiyələrinə riayət etmək deməkdir. Burada itaət - ixlaslı surətdə dinin göstərişlərini qəbul edib, bunlara riayət etmək mənasındadır. Düşünən insan gözəl anlayır ki, Həzrət Peyğəmbər (s) və Əhli-beytinin (ə) kiminsə onlara itaət edib-etməməsinə, rəhbərliklərini qəbul edib-etməməsinə heç bir ehtiyacları yoxdur. Söhbət yalnız Allaha tapınmağın ən gözəl misdaqlarından, nümunələrindən ibrət götürməklə, onların dinimizin dərinliklərinə aid təqdim etdiyi izahlarından bəhrələnmək, «ləpirləri üzrə addımlamaq»dan gedir. Və İmamət - toplayıcı, vəhdətə gətirən, vahid dəyərlər ətrafında birləşdirən bir amil olduğundan, ona riayət edənlərin təfriqə və parçalanmalarını istisna edir».
CƏMİYYƏTİN GERÇƏK İSLAHI
Hədisin davamında bildirilir: «Və əmr-bil-mərufu hamının salahı, mənafeyi, mənfəəti üçün (qərar vermişdir)». «Əmr-bil-məruf - yaxşılıqlara dəvət, cəmiyyəti islah edən, onun tənəzzülünə imkan verməyən işlək mexanizmlərdəndir. Bu - dinin vacib əməllərindəndir. Müsəlmana vacibdir ki, harada bir pisliyi, mənfiliyi müşahidə etsə, bu hala laqeyd yanaşmasın, qəlbi ilə, dili ilə, əməli ilə onu aradan qaldırmağa çalışsın. Təsəvvür edək ki, cəmiyyətdə buna real surətdə əməl edən passionar bir kəsim vardır. Belə halda bu cəmiyyətdə ədalət və həqiqi dəyərlər özünə necə də rahat yer tapacaqdır! O toplumlarda ki, yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə yoxdur - bunların tənəzzülü labüddür. Allah Təala bizləri və bütün iman əhlini həqiqətdə yaxşılığa dəvət edənlərdən və pisliklərdən çəkindirənlərdən qərar versin, inşəallah!».
QARABAĞ, FƏLƏSTİN VƏ İNDİ DƏ LİVAN OD İÇİNDƏ…
Xütbənin növbəti hissəsində Hacı İlqar bir daha ümmətin ağrılı dərdlərinə toxundu: «Qarabağda da, Fələstində də, Livanda da eyni təbiətli proseslər müşahidə olunur. Erməni faşistləri yenə də işğaq altında olan el-obamızı oda çəkir. Yaxın Şərqdə də quruculuqla, yaradıcılıqla, müsbət işlərlə məşğul olmaq istəməyən ünsürlər dinc əhaliyə, sülhə və əmin-amanlığa qənim kəsilmişlər. Bəzi sadəlövh insanlar ehtimal edirdi ki, bəs bəlkə İsrail sülh proqramlarına meyllidir və s. Həyat göstərdi ki, bu - boş xülyalardır! Təpədən-dırnağadək silahlanmış sionist vandalları yersiz bəhanələrlə dinc əhaliyə divan tuturlar! Harada görünüb ki, 1-2 hərbi əsiri azad etmək üçün yüzlərlə insan vəhşicəsinə qətlə yetirilsin?! Hətta alman faşistləri 1 ölmüş, əsir alınmış əsgərinə görə 3 nəfər yerli əhalidən qətlə yetirirdi. Əcəba, 21-ci əsrdir, amma vəziyyət əksinə dəyişilib! Həndəsi silsilə ilə müsəlmanları məhv edirlər, 1 əsgərə görə 100 nəfəri öldürür, kənd-şəhərləri bombardman edirlər, gözləri yenə də doymur! Dünyanın vəziyyəti ürək ağrıdır. Birisi geopolitik maraqlar üzündən, digəri layeydlikdən və s. susur, hətta işğalçıya bəraət qazandırırlar! Beynəlxalq birlik süstlükdən əl çəkməli, real və qətiyyətli mövqe sərgiləməlidir!». Sonda məclis əhli işğal altında olan torpaqların tezliklə azad olunması, ümmətin yaralarının sağalması, müsəlmanların həqiqi imana və vəhdətə yetişmələri, xəstələrin şəfa tapması, iman əhlinin Peyğəmbər (s) və Əhli-beytinin (ə) həqiqi davamçılarından olması, 12-ci İmam - Mehdi Sahib-əz-Zamanın (ə.f.) tezliklə zühur etməsi üçün cəmlə dualar etdilər.
Hazırladı: Əli Cəfər
| deyerler.org | |