Elxan Rzayev: “Kitab bazarını formalaşdırmağa məhkumuq”

Hazırda digər sahələrlə müqayisədə kitab biznesinin kölgədə qalması danılmaz faktdır. “Kitab klubu”nun direktoru, fizika-riyaziyyat elmləri namizədi Elxan Rzayevin sözləri ilə desək, bu gün kitab bazarı sanki bazar iqtisadiyyatının yesirinə çevrilib. Amma onun qurtuluşu heç də sual altında deyil. Elxan müəllimin sözlərinə görə, bu gün ölkəmizdə kitab marketinqi ilə məşğul olan qurum yoxdur. Elə bu səbəbdən də sözügedən sahədə pərakəndəlik hökm sürməkdədir. Halbuki əvvəllər kitabla bağlı böyük bir şəbəkə mövcud idi. Ən böyük problem isə ondan ibarətdir ki, bu gün bazarın tələbatı əsla nəzərə alınmır. “Sifarişlər əsasında kitablar çap olunur ki, onların da orta tirajı 500 ədəddir. (Yeri gəlmişkən, onu da deyək ki, hər il ölkəmizdə, 1600-2000 adda kitab nəşr olunur). Təbii ki, həmin kitablar da müəlliflərin özlərinin vəsaitləri hesabına işıq üzü görür. Yəni müəllif kitabın nəşri ilə bağlı bütün xərcləri ödəyir, nəşriyyat kitabı çap edir və sahibinə - müəllifinə təhvil verir. Bu isə o deməkdir ki, ay müəllif, gerisi ilə özün məşğul ol. Müəllif də satdığını satır, satmadığını dosta-tanışa hədiyyə edir. Bu prosesi, sadəcə, müəllif-naşir-müəllif kimi xarakterizə etmək olar. Halbuki dünya praktikasında kitab bazarının, əgər belə demək mümkünsə, formulası müəllif-naşir-yayım-oxucu şəklindədir. Bir sözlə, hazırda bu sahədə mövcud olan model kitab biznesinin inkişafını ləngidir. Çünki bu halda yayım faktoru işləmir, geniş oxucu kütləsinin istəyinə məhəl qoyulmur. Başqa sözlə desək, oxucunun və yaxud bazarın tələbatı nəzərə alınmır. Halbuki tələbatın nəzərə alınması bazar iqtisadiyyatının əsas atributlarındandır. Digər tərəfdən, bu amil imkansız, lakin istedadlı müəlliflərin çap olunmalarına əngəl yaradır”.
“Kitab oxumayan millət cırlaşır”
Elxan müəllimin fikrincə, bizdə kitabın təbliği və reklamı da dünyanın bir çox ölkələrindən fərqlənir: “Belə ki, əksər ölkələrdə kitabın reklamı çapdan çıxmamışdan əvvəl başlanırsa, bizdə bu iş kitabın çapından sonraya qalır”. “Gürcüstanla müqayisədə bizim ölkədə kitab təxminən 2-3 dəfə bahadır”, - deyən həmsöhbətimiz bunu həmin ölkədə kitabla bağlı keçirilən islahatlarla əlaqələndirdi. O, son illər ölkəmizdə də belə addımların atıldığını vurğulamaqla yanaşı, onların yaxın gələcəkdə öz bəhrəsini verəcəyini söylədi. Onun sözlərinə görə, bu sahənin təşəkkülü üçün daha mükəmməl dövlət proqramlarına ciddi ehtiyac duyulur. “Biz kitab bazarını formalaşdırmağa məhkumuq” sözləri ilə söhbətini davam etdirən həmsöhbətimiz belə bir məşhur deyimi dilə gətirdi: “Unutmayın ki, kitab oxumayan millət cırlaşır”. Daha sonra o, internet, televiziya qarşısında oturaraq, onlardan informasiya almağa cəhd edənlərə də münasibət bildirdi: “Belə informasiya mənbələrinin heç biri kitabı əvəz edə bilmir. Bu mənada kitab bilik mənbəyi olaraq qalmaqdadır. Bir sözlə, müşahidələrimə əsasən deyə bilərəm ki, artıq ölkəmizdə də kitaba qayıdış nəzərə çarpmaqdadır”. Həmsöhbətimiz söhbətinin sonunda bir məqamı da vurğuladı: “Ölkəmizdə 100-dən çox nəşriyyat qeydə alınıb ki, bu gün onlardan yalnız 15-i yaxşı işləyir. Lakin, nə qədər qəribə olsa da, onlar hələ də bir qurum ətrafında birləşməyiblər. “Altunkitab” nəşriyyatının direktoru, filologiya elmləri namizədi Rafiq İsmayılov bizimlə söhbətində dedi ki, kitab ən ağır biznes sahələrindən biridir: “Yəni o, meyvə deyil ki, həmin an dadını biləsən, yaxud elə məhsul deyil ki, əl vurmaqla keyfiyyətinə bələd olasan və sairə... Bu kimi çətinliklərə baxmayaraq, normal formada nəşr olunan kitabın satılması heç də problem deyil. O, öz oxucusunu gec-tez tapır. Lakin problem ondadır ki, kitab bazarında plagiatlıq baş alıb gedir. Digər tərəfdən, satış məntəqələrinin kifayət qədər olmaması da problemin həllinə öz təsirini göstərir”. Rafiq müəllim bildirdi ki, o, sifarişlə kitab nəşrinə baş qoşmur, yəni bazarın tələbatı ilə ayaqlaşmağa çalışır. Dediyinə görə, bu gün kitab bazarında tədrislə bağlı kitablara daha çox ehtiyac duyulur: “Lakin kitab bazarı pərakəndə olduğundan bəzən qəti qərara gəlmək heç də asan olmur. Odur ki, bəzən uduzuram da, bəzən uduram da”... “Bəs indiyədək bu sahənin inkişafı ilə bağlı kredit almısınızmı?” sualına isə belə cavab verdi: “Mənim kreditim öz intellektimdir”. (Yeri gəlmişkən qeyd edək ki, həmsöhbət olduğumuz digər naşirlər də bu sahənin inkişafı ilə banklara müraciət etmədiklərini dilə gətirdilər). Onun sözlərinə görə, kitab bazarında canlanma yaratmaq üçün kitab sərgilərinə də ciddi ehtiyac var. Məhz xarici ölkələrdə bu kimi metodlardan istifadə olunur: “Yenə sağ olsun, “Kitab klubu”nun rəhbərliyi... Bu sahədəki boşluqları qismən də olsa doldurmağa səylər göstərir. Lakin nə yazıq ki, dövlət qurumlarının nümayəndələri dəvətli olsalar da həmin sərgilərə qatılmırlar”.
Kitab yazmaqda da monopoliya varmış
“Qız qalası”nın yanındakı 97 saylı kitab mağazasının sahibi Elman Mustafayev bildirdi ki, hazırda alıcılar Azərbaycan tarixi ilə bağlı kitablara üstünlük verirlər. O, yeni yaranmış sahələrin (məs., sosiologiya, kulturologiya və s.) də kitabsevərlərin maraq dairəsində olduğunu vurğuladı. Onun fikrincə, 5-10 il ərzində ölkəmizdə kitab bazarı formalaşa bilər. “Akademkitab”ın direktoru, tarix elmləri namizədi, Hacı Əliağa Cəfərli isə bu sahədə müəyyən islahatlar aparılacağı təqdirdə, (onun sözlərinə görə, artıq bu sahədə müəyyən addımlar atılıb) kitab bazarının 3-5 ilə formalaşacağını əminliklə dilə gətirdi: “2001-ci ilədək Bakıda, o cümlədən ölkəmizin iri sənaye şəhərlərində 127 kitab mağazası fəaliyyət göstərirdi. Bu gün isə belə mağazaları barmaqla saymaq olar. Buna isə səbəb kirayə haqqının baha olmasıdır. İnandırım sizi, icarə haqqı ucuz olsa, Bakıda kitab mağazalarının sayı 500-dən çox olar”. Həmsöhbətimiz kitabların baha qiymətə satılması, əhalinin alıcılıq qabiliyyətinin aşağı olması fikri ilə isə heç cür razılaşmadı: “Unutmayın ki, bu gün ölkəmizdə bahalı mobil telefon gəzdirən adamların sayı milyonlarladır. Belələrinin isə çox demirəm, bir dəfə aldığı konturun pulu müqabilində bir kitab almağa imkanlarının olmaması absurddur”. Bu sahə üzrə 30 ildən çox təcrübəsi olan Əliağa müəllim dedi ki, bizdə kitab mədəniyyəti hələ də formalaşmayıb. Bunun əsas səbəbi isə təbliğatın zəifliyidir: “Kitaba maraq bağçadan, evdən, məktəbdən başlanmalıdır”. Onun sözlərinə görə, bu gün kitab bazarında uşaq ədəbiyyatına ciddi tələbat var. O həmçinin bu və digər sahəyə aid alternativ kitabların yazılmadığını, yəni müəyyən elm sahəsi ilə bağlı yalnız bir-iki nəfərin kitabının nəşr olunduğunu dilə gətirdi: “Elə bil ki, bu sahələr də monopoliyaya alınıb”. Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli qəzetimizə verdiyi açıqlamada mənsub olduğu quruma kitabla bağlı daxil olan hər bir təklifin, müraciətin nəzərdən keçirildiyini söylədi. Bildirdi ki, bir neçə ay öncə keçirilmiş kollegiyada da elə bu kimi məsələlər müzakirə olunub. Onun sözlərinə görə, nazirlik kitabın əvvəlki şöhrətini qaytarmaq istiqamətində əməli işlərə başlayıb. Bu, yaxın illərdə özünü açıq şəkildə büruzə verəcək. O, ölkəmizdə bu il ilk dəfə nazirlik tərəfindən təşkil olunacaq kitab-satış yarmarkasını da elə bu sahədə atılan addımlardan biri kimi dəyərləndirdi.
Qvami Məhəbbətoğlu
