Reklam verin!

GÖZƏL məkan

Burda hər kəsin yeri var!

Fevral 21, 2008 20:06

  Dindən kim və necə yazır?

Din

Azərbaycanın kütləvi informasiya vasitələrində dini mövzuda yazıların intensivliyi səngimir.
Din, dinşünaslıq və din-mənəviyyat aspektində yazılan məqalə, şərh və məlumatların sayına nəzər salsaq, ölkədə İslam dininə marağın artdığını demək olar.
2007-ci ildə Azərbaycan KİV-lərində İslam dini, onun cərəyanları, təriqətləri və s., habelə Şəriət və dini bayramlar barədə toplam olaraq 2148 məqalə, yazı və məlumat işıq üzü görüb. Onların 1784-ü 39 qəzetdə, 120-i 6 dərgidə, 221-i informasiya agentliklərinin bülletenlərində çap olunub.
63 müəllif tərəfindən yazılmış həmin yazıların tam əksəriyyəti dinşünaslıq, İslam barədə tanışlıq materialları formasında olubsa, 26%-i İslamın müxtəlif cərəyan və təriqətlərindən, 27,5%-i müxtəlif dinlərdəki təriqətlərdən, 36%-i İslam tarixindən, 11,5%-i İslam mənəviyyatı və davranış qaydalarından, yerdə qalanları isə təriqətlər, İslam ölkələrində dinin çağdaş durumu və Azərbaycanda dini situasiya ilə bağlı olub.
Müəlliflərin 45%-i ixtisasca dinşünas, 40%-i humanitarlar (tarixçilər, siyasətşünaslar, жurnalistlər və s.), 15%-i isə peşələrini göstərməmiş şəxslərdir.
Azərbaycandakı dini qurumlar, qeydiyyatdan keçmiş strukturlar və rəsmi qeydiyyata alınmamış icmalar, habelə müxtəlif sektalar, təriqətlər və qruplar barədə dərc olunmuş informasiya, yazı, araşdırma və şərhlərə gəldikdə isə, onların tam əksəriyyəti (74,3%) siyasi yönlü olub. Həmin yazılardan 38,6%-də Azərbaycanda dindarların qarşılaşdıqları problemlərdən, 45,2%-də müxtəlif totalitar və radikal dini təriqətlərin ölkəyə yönəlmiş destruktiv fəaliyyətlərindən, 24%-də isə ölkədə mövcud dini qruplaşma və dəstələrdən bəhs olunub.
Azərbaycanda din və dindarlar barədə dərc edilmiş yazıların 51%-i məqalə, 37%-i informasiya, 12%-i müxtəlif şəxslərin açıqlamaları və ya hər hansı olaya münasibətlərinin əks olunduğu materiallardı.
Kütləvi informasiya vasitələrində dini mövzudakı yazıların ümumi səpkisi maarifləndirmə və tanıtım səciyyəli olub ki, bu tendensiya 2008-ci ilin əvvəlindən bəri davam edib.
Digər maraqlı məqam odur ki, qəzet və dərgilərdə yer alan materiallarda məzhəb və təriqət qarşıdurmalarına yönəlmiş təhriklər olmayıb. Əksinə, yazıların ümumi ağırlığı sünnilərlə şiələr arasında heç bir ciddi problem olmaması, onların qardaşlığı və birliyindən bəhs edən məqamlardır.
"Sələfi", "qədiriyyə", "xaricilər", "hənbəlilər", "fatimilər", "nurçular", "fençilər", "cəmaatçılar", "şəriətçilər" və s. kimi qruplaşmalarla hərəkatlara gəldikdə isə, onların kütləvi informasiya vasitələri ilə şüura və cəmiyyətə təsir imkanları minimuma endirilib.
Buna statistika da dəlalət edir. Məsələn, vətəndaşlar arasında daha çox "vəhabilik" kimi tanınan "sələfilik" apologetlərinin yerli mass-mediada təbliği yox səviyyəsində olub.
Əksinə, sələfiliyin çox təhlükəli və radikal yön olması, Azərbaycan üçün təhdid kəsb etməsi barədə kütləvi informasiya vasitələrində ötən il ümumi sayı 469 olan məqalə dərc olunub ki, onların 390-da sələfiliyin postsovet məkanında yayılan forması potensial terrorizm ideologiyası kimi göstərilib.
Digər qruplaşma və təriqətlərə gəldikdə isə, onların kütləvi informasiya vasitələri ilə xitabları həddəni ziyadə zəif səviyyədə olub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin vəziyyəti nəzarət altında tutması nəticəsində 2007-ci ilin əvvəllərindən bəri radikal dini çağırışlar, İslamın təhrifi və ya din pərdəsi altında zorakılıq meyllərinin yer aldığı materialların işıq üzü görməsi faktiki olaraq dayanıb.
Yazıların sosial yönlərinə gəldikdə isə, dini bayramlar istisna olmaqla, onların arasında dindarların qarşılaşdıqları problemlərdən bəhs edən məqalə, informasiya və xəbərlərin statistikasında azalma müşahidə olunur.
Yeganə istisna hicabla bağlıdır: Azərbaycanda xanımların başıcihablı olaraq şəxsiyyət vəsiqəsi, pasport və digər sənədlər üçün fotoşəkil çəkdirmələri, dövlət və özəl qurumlarda çalışmaları ilə bağlı üzləşdikləri problemlərdən 341 dəfə bəhs olunub. Bu materialların əksəriyyəti azərbaycanlı xanımların hicab problemindən bəhs edir.
Ölkədəki dini icmaların fəaliyyəti zamanı onlara dövlət strukturları tərəfindən yaradılan maneələrdən danışan 128 məqalə, şərh və informasiyada isə əsasən yerli icraedici orqanların məmurlarının qanunsuz hərəkətləri tənqid olunub.
Azərbaycan mətbuatında dini yazılarla vəziyyəti səciyyələndirmək üçün sadəcə, 45 günlük zaman kəsiminə nəzər salmaq da yetər. Belə ki, ötən ilin oktyabrın 1-dən noyabrın 15-dək olan dövr ərzində ölkənin kütləvi informasiya vasitələrində dini mövzuda 645 yazı dərc olunub. Onların 96%-i İslam dini, 3,5%-i başqa dinlər, çox cüzi sayda olan bölümü isə dinin digər sahələriylə bağlı olub. Mətbuatda dərc olunan dini yazıların 135-də İslam dininin təfsiri yer alıb. Bu cür yazılarda əksə hallarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin rəsmi mövqeləriylə rəyi əsas götürülüb.
Məqalələrin 79%-i təriqətlərə həsr olunub ki, onların da 90%-i Azərbaycanda vəhabiliyin yayılması ilə bağlıdır. Vəhabilik və ya sələfiliklə bağlı olan yazıların 95%-də bu cərəyan radikal təriqət kimi təqdim olunub, yalnız 5%-də sələfiliyə loyal münasibət nümayiş etdirilib. Ölkə mətbuatındakı dini yazıların 73%-i şərh, 7%-i dini araşdırmalar, 1%-i isə dinlə bağlı müxtəlif tədbirlərdən hazırlanan reportaжlardır.
İnternetə gəldikdə isə, burada dini yöndə olan azərbaycandilli sayt, veb-səhifə və portallarda 2007-ci il ərzində 4200 informasiya, şərh, münasibət, yazı və məqalə yerləşdirilib. Onların tam əksəriyyəti müxtəlif müəlliflərin əsərlərindən seçmələr, "copy-past" tipli iqtibaslar və plagiat formasında "özəlləşdirilmiş" açıqlamalar olsa da, 233 materialda müəllifin fərdi mövqeyi ortaya qoyulub.
İnternet-forumda 86%-i 26-yaşdan gənc olan vətəndaşların dini yöndə fəallığı artıb, onlar İslam və Şəriət, habelə Azərbaycanda dindarların durumu, müxtəlif təriqətlərin yayılması və bu vəziyyətin qarşısının alınması, müxtəlif xarici ölkələrdəki təşkilat və qurumların yerli şəraitə təsirlərini müzakirə ediblər.
Belə müzakirələrə ötən il təqribi hesablamalara görə, 578 "nik"lə (İnternet istifadəçilərinin forumlardakı təxəllüs və ya ləqəbləri, - H.A.) 1203 mövzuda müzakirələrə qatılan vətəndaşlarımız toplam olaraq 12102 rəy bildiriblər.
Bu rəylərin 89,8%-i müxtəlif radikal dini təriqət və cərəyanların əleyhinə olub, 11%-i isə dinlərarası dialoq və tolerantlığın daha da gücləndirilməsinin zərurətindən bəhs edib.
Ekspertlərin dediklərinə görə, Azərbaycanın kütləvi informasiya vasitələrində dini mövzuda olan yazıların əksəriyyətində peşəkarlıq səviyyəsi zəif olmaqla yanaşı, müəllifin istinad etdiyi mənbələr səhih göstərilmir.
Bundan başqa, ölkədəki dini durumla bağlı xəbər və məqalələrdə bəzən ifrata varılır, situasiyanın dövlət nəzarətində olmaması barədə yanlış iddialar səslənir.
Çıxış yollarından biri qismində isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin dindən yazan жurnalistlər üçün mütəmadri treninqlər keçirməsi ola bilər.

Həsən AĞACAN

express 

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com