Tövhid

"Tövhid" ərəb sözü olub, Allahı tək və yeganə bilmək mə`nasını daşıyır. İslam əqidələrinin əsasını təşkil edən Tövhid əqidəsi, kainatın yeganə xaliqinə inanmağı tələb edir. İslam dininin bəyan etdiyi Tövhid əqidəsini aşağıdakı mə`nalarla izah etmək olar:
1-Allah zatının yeganəliyi;
Rəbbimizin zatında tövhid dedikdə, ilk növbədə Allah-taalanın zatının yeganəliyi nəzərdə tutulur. Əlbəttə, bu əqidənin özü də iki hissəyə bölünür: Allah zatının təkliyi və şərikinin olmaması; Allah zatında heç bir çoxluq, tərkib və mürəkkəbliyin olmaması;
İslam tarixində nəql olunmuş rəvayətə əsasən bir dəstə yəhudi alimi əziz Peyğəmbərimiz Məhəmmədin (s) hüzuruna gəlib, o Həzrətdən İslam dininin «Allah» barəsində olan nəzərini söyləməsini xahiş etmişdilər.
Həzrət Peyğəmbər (s) bir neçə gün ilahi vəhyi gözləyib, Allah-taalanın cavabı olan "İxlas" (Tövhid) surəsini onlara oxudu:
"Bağışlayan və mehriban Allahın adı ilə! (Ey Peyğəmbər! Onlara) de ki, Allah bir və hər şeydən ehtiyacsızdır. Doğmamış və doğulmamışdır. (Və) Heç bir şey Ona tay ola bilməz".
İslam dini bu kainatı və onda yerləşən bütün varlıqların xaliqini yeganə bilir və ona şərik qoşmağı ən böyük günah sayır. Qur'ani-kərimə nəzər saldıqda, bütpərəst və müşrikliklərlə necə də ciddi şəkildə mübarizə aparıldığını görür və İslam dini nöqteyi-nəzərindən tövhidin ən böyük əhəmiyyətə malik olduğunu başa düşürük.
İslam dini zühur etməmişdən çox-çox əvvəl, Ərəbistan yarımadası və bir çox yerlərdə bütpərəstlik geniş şəkildə yayılmışdı və cahil insanlar öz əlləri ilə düzəltdiyi daşlardan olan saysız-hesabsız bütlərə sitayiş edirdilər.
2-Zati sifətlərin yeganəliyi;
Tövhiddən nəzərdə tutulan ikinci məqsəd, Allah-taalanın malik olduğu zati sifətlərin yeganəliyidir. Bizim əqidəmizə əsasən, Allah-taala bir sıra uca olan kamal sifətlərinə malikdir. "Qadir", "alim", "bəsir" (bacarıqlı, bilən, görən) və s. bu kimi sifətlər Allahın zati sifətlərindən sayılır. Başqa sözlə desək, Allah varlığı mə'na baxımından müxtəlif sifətlərə malik olsa da bu sifətlər Onun zatının özü olub, Onun müqəddəs zatından ayrı sayılmır.
3-Xaliqlikdə olan yeganəlik;
Tövhiddən üçüncü məqsəd, Allahdan başqa ayrı bir xaliqin olmamasına əqidə bəsləməkdir. Yə'ni varlıq aləmində xaliq (yaradan), yalnız Allah-taaladır və qalanların hamısı məxluq (yaradılmış) sayılır. Allah-taala bu xaliqliyində heç bir şeyə və heç bir kəsə möhtac deyil və öz qüdrəti sayəsində bütün işlərində tam müstəqildir.
4-İbadətdə yeganəlik;
Tövhidin digər mə'nası, ibadətdə yalnız və yalnız yeganə olan Allaha sitayiş etməkdir. Bu əqidəyə bütün ilahi dinlərdə və şəriətlərdə tə'kid olunmuşdur. Qur'ani-kərimdə bu barədə belə buyurulmuşdur:
"Və biz hər millətə Peyğəmbər göndərdik ki, onları Allaha sitayiş etməyə çağırıb, tağutlardan çəkindirsinlər"[1].
Varlıq aləmində sitayiş və ibadətə layiq olan yeganə varlıq Allah-taaladır və ondan başqasına ibadət etmək azğınlıq və ağılsızlıqdır.
5-Tədbirdə yeganəlik;
İslam əqidəsinin birinci hissəsini təşkil edən Tövhiddən ayrı bir məqsəd, Allah-taalanın kainatın tədbir və idarəsində olan yeganəliyidir. Bu da öz növbəsində iki hissəyə bölünür:
1.Yaranışda olan tədbirin yeganəliyi;
2.Təşri'də (hökm və qanunvericilikdə) olan yeganəlik.
Yaranışda olan yeganəlikdən məqsəd budur ki, varlıq aləmi və onda mövcud olanların hamısının yaradanı vahid Allahdır və heç bir kəs bu yaradılışda Onunla birgə olmamışdır. Qur'ani-kərimdə oxuyuruq:
"Göy və yerdə Allahdan savayı ayrı bir Allah olsaydı, aradan gedib dağılardılar".[2]
Təşri'də (hökm və qanunvericilikdə) olan yeganəlikdən məqsəd isə, Allah-taalanın məxluqat və xüsusilə də, insan həyatının nizama salınması üçün müxtəlif sahələrdə qanunlar müəyyən edilməsidir. Bu kimi işlər yeganə olan Allahın ixtiyarındadır və ondan başqa heç kimin özündən hökm, göstəriş və s. verməyə haqqı yoxdur.
6-Məhəbbətdə yeganəlik;
Allah-taala mütləq kamal olduğu üçün, insanlar da yalnız Ona qarşı həqiqi məhəbbət bəsləməli, Ondan digərini Allah-taala kimi sevməməlidir.
7-Təvəkküldə yeganəlik;
Allah-taala bütün kainatın xaliqi və tam ixtiyara malik olan sahibi olduğu üçün, insanlar da öz işlərində yalnız Ona güvənməlidirlər. Əlbəttə bu, heç də bir sıra müəyyən vasitələrdən istifadə etməyin inkar edilməsi kimi sayıla bilməz. Əsas məsələ, istifadə etdiyimiz vasitələrin Allaha bağlı olduğunu bilməkdir.
8-İmdad diləməkdə yeganəlik.
Allah-taala bütün kainatın xaliqi və tam ixtiyara malik olan sahibi olduğu üçün, insanlar da öz işlərində yalnız Ona arxalanıb, yalnız Ondan kömək istəməlidirlər. Bu isə heç də bir sıra müəyyən vasitələrdən kömək almağı inkar etmir.
İlahi Peyğəmbərlər və habelə İmamlardan isə aşağıdakı iki şərt əsasında kömək diləməyin heç bir eybi yoxdur:
1. Onları Allah-taala yanında bir vasitə kimi sanmaq;
2. Onları müstəqil sanmamaq.
Bu isə İslam dininin əsası olan Tövhid əqidəsinin yetirdiyi məfhumlardır.
Allah varlığının isbatı
Tövhid və onun mə'naları haqqında qısa anlayışdan sonra Allah-taalanın varlığını isbatetmə yolları haqqında söhbətə başlayayacağıq. Allahın varlığını isbat edib, ona inanmaq üçün iki yol vardır:
1-Qəlb yolu (fitrət);
2-Ağıl və düşüncə yolu;
1-Fitrət:
"Fitrət" ərəb sözü olub yaradılış, xilqət və təbiət (zat) mə'nasını daşıyır. Lakin İslam nöqteyi nəzərindən "fitrət" sözü təbiətən insanın Allaha doğru meylli olması deməkdir. Bu ilahi xüsusiyyət təkcə müsəlmanlara deyil, həm də bütün insanlara aiddir.
Hər bir insanın batinində Allahı tanıyıb, ona iman gətirmək istəyi vardır. Belə ki, hər bir insan öz vücudunda heç bir dəlilə ehtiyac duymadan Allaha tərəf yönəlmək meylini hiss edir.
Bildiyiniz kimi insan adlı varlıq, bir sıra istək və meyllərə malikdir ki, gözəlliyi sevmək, yaxşılığa meyl göstərmək, ədalətə rəğbət, zülmə nifrət və s. hissləri buna misal göstərmək olar.
Qəlb yolu ilə Allaha inanıb onun varlığını isbat etmək də, bu istəklərdən biridir. Bə'zi alimlər, eləcə də irfan elminə yiyələnmiş ariflər Allahın müqəddəs varlığını isbat etmək üçün bu yoldan istifadə etməyi tövsiyə edirlər. Onların nəzərinə əsasən, hər bir insan günaha qurşanmayıb öz pak ruhunu saflaşdırsa, kec-tez özlüyündə Allaha olan bağlılığı duyacaq və qəlbən onun müqəddəs varlığına inanacaqdır. İslam dini nöqteyi-nəzərindən, Allah-taalanın varlığına qəlb yolu ilə inanmaq fitri iste'dadlardan sayılır və bu hiss əzəldən hər bir insanın vücudunda qoyulmuşdur.
Yaşadığımız həyatda dəfələrlə təcrübə olunmuşdur ki, dinindən asılı olmayaraq, əli hər növ vasitə və köməkdən üzülən şəxslər Allaha üz tutur və yalnız Onu özləri üçün həqiqi köməkçi hesab edirlər. Bu isə onun fitrətində qoyulmuş ilahi istəyi göstərir. Sadə bir misalla desək, dünyaya yenicə gəlmiş körpənin heç bir tə'limə ehtiyacı olmadan yemək üçün ana südü axtardığı kimi, hər bir insan da zatən Allahı axtarma və Ona sitayiş etmə hissi ilə yaranmışdır.
Fitrətin xüsusiyyətləri
Bə'zi dini alimlər fitrət üçün bir neçə xüsusiyyət qeyd etmişlər ki, onları diqqətinizə çatdırırıq:
Fitri inanc təkcə müsəlmanlara deyil, həm də bütün insanlara aid olan bir xüsusiyyətdir.
Fitrət iqtisadi, coğrafi və s. amillərin tə'sirinə mə'ruz qalmır. Digər tərəfdən, fitrət iqtisadi amillərin tə'sirinə tam məğlub olmayan bir xüsusiyyət olduğu üçün həm varlıya, həm də kasıba aiddir.
Fitrət, insanı Allaha doğru aparan bir amildir. Yə'ni insan, fitrətində olan ilahi istək vasitəsi ilə Allahı tanıyır və Ona təslim olur. Amma fitri inanclar, nəzarətsiz və diqqətsiz buraxılıb, dini göstərişlərdən kənarda qalarsa, bütpərəstlik və müşriklik kimi digər azğınlıqlarla nəticələnə bilər. Bə'zilərinin əqidəsinə görə, dünyada mövcud olan bütpərəstlik, ulduz, günəş və s. şeylərə ibadət etmək, məhz fitrətin çağırışına düzgün cavab verməmək və onu düzgün istiqamətləndirməmə nəticəsində meydana gəlmişdir.
Fitrət, müəyyən təbliğatlar nəticəsində yox olub aradan getməz. Bu isə ilahi fitrətin sabitliyini göstərir.
İlahi fitrətə aid ayə və hədislər
İlahi fitrətin əhəmiyyətini bilmək üçün bu haqda olan bir neçə ayə və hədisi diqqətinizə çatdırırıq:
Rum surəsi, ayə 30:
"Allahın doğru dininə üz gətir ki, Allah-taala insanları onun əsasında xəlq etmişdir".
Rum surəsi, ayə 33:
"Xalq ağır bir çətinliyə düşdükdə, Allahı çağırır və ixlasla (təmiz ürəklə) Ona tərəf qayıdırlar. (Lakin) Allahın rəhməti ilə (çətinlikdən çıxan kimi) onlardan bir dəstəsi yenə də müşrik olurlar".
Ənkəbut surəsi, ayə 65:
"(Müşriklər) gəmidə olan halda (fırtına və tufanla üzləşdikdə) Allahı təmiz qəlblə (köməyə) çağırırlar. Onlara nicat verib təhlükədən qurtararaq sahilə çıxartdıqda isə, yenə də Allaha şərik qoşmağa başlayırlar".
İndi isə, bu haqda mə'sumlardan nəql olunmuş bir neçə hədisi qeyd edirik:
Həzrət İmam Sadiqin (ə) səhabələrindən biri Rum surəsinin 30-cu ayəsi barədə sual etdikdə, İmam (ə) buyurdu:
"Ayədən məqsəd budur ki, Allah-taala insanların hamısını tövhid əsasında xəql etmişdir"[3].
Həzrət Peyğəmbər (s) buyurmuşdur:
"Bütün övladlar pak fitrətlə dünyaya gəlir. Onları yəhudi və ya məsihi edən öz ata-analarıdır"[4].
2-Ağıl və düşüncə
Qeyd etdiyimiz kimi, Allahın varlığının isbatı üçün mövcud olan ikinci yol ağıl və düşüncədir. Qur'ani-kərimdə Allah-taalanın vücudunu isbat etmək üçün həm fitrət, həm də ağıl və düşüncə yolundan istifadə olunmuşdur. Ağıl və düşüncə yolu ilə Allahın varlığının isbat edilməsində məqsəd, insan ağlının köməyi ilə kainatın böyük xaliqini tanımaq və ona iman gətirməkdir. Mə'lumdur ki, ağıl və düşüncə dedikdə, müxtəlif məktəb və ideologiyaların tə'sirinə mə'ruz qalmayan sağlam və qərəzsiz ağıl nəzərdə tutulur.
Qeyd olunan yolla Allahın varlığını isbat etmək üçün ən sadə və tutarlı dəlil kainatda mövcud olan qanunauyğunluq və ya nəzm və nizamdır. Fərz edək ki, öz otağımıza daxil olduqda, orada xüsusi bir səliqə ilə hər şeyin öz yerində olmasını görür və otaqda heç bir qarışıqlıq müşahidə etmirik. Çarpayı, kitab, şkaf, televizor və s. otaq əşyaları ürəkoxşayan bir zövqlə düzülmüş və insanı özünə cəlb edir.
Bu halda, ağıl və düşüncəsi normal olan hər şəxs, özündən öncə səliqəli və təmizkar bir şəxsin oranı nizama salmasını təsdiq edəcəkdir. Aydındır ki, heç bir şəxs otağın öz-özünə və ya təsadüfi halda səliqəyə düşməsini iddia edə bilməz. Bu, gündəlik həyatımızda qarşılaşdığımız sadə bir misal idi. Kainatda olan əsrarəngiz nəzm, dəqiq hesablamalar üzrə olan elmi qanunauyğunluqlar, həmçinin hər bir şeyin öz yerində olması onun bacarıqlı və bilikli xaliq tərəfindən yaradılmasını göstərir. İslam alimləri Allah varlığını isbat edən bu dəlili "burhani-nəzm", yə'ni nəzm dəlili adlandırmışlar.
Nəzm dəlinin xüsusiyyətləri
Ağıl və düşüncə əsasında olan nəzm dəlilinin bir neçə xüsusiyyətləri vardır ki, bunlar da aşağıdakılardan ibarətdir:
1-Nəzm dəlili savadlı və ya savadsız olmasından asılı olmayaraq, cəmiyyətin bütün üzvləri üçün faydalıdır;
İstər alim, istərsə də cahil olan hər bir şəxs, kainatda olan nəzmi gördükdə, onun tədbirli, qüdrətli və bilikli bir xaliqinin olmasını dərk edir və beləliklə də, Allahın varlığına iman gətirir.
2-Nəzm dəlili insanı heyrətə gətirir.
İnsan qarışqa kimi kiçik bir canlıda olan əcaib hərəkətləri müşahidə etdikdə təəccüb edir, heyrətə gəlir və bununla da, nəzm dəlilinə olan əlaqəsi daha da möhkəmlənir.
3-Nəzm dəlili getdikcə inkişaf etməkdədir.
Bir çox elmi mövcudatlar kəşf olduqca, nəzm dəlili daha da aşkar olub, inkişaf edir.
4-Nəzm dəlili kağırlər və dinsizləri susduran amillərdən biridir.
Çünki onlar kainatda olan nizamın Allah tərəfindən deyil, özbaşına və təsadüfi olaraq yaranmasını iddia edirlər.
5-Nəzm dəlili insanı kainatda olan varlıqlar barədə tədqiqat aparmağa həvəsləndirir.
Məsələn, yaşadığımız yer kürəsində 2500 növ ilan, 289 növ göyərçin, 20000 növ hörümçək, 10000 növ kəpənək, həmçinin 700000 həşəratın yaşaması, insanı bu mə'lumatları eşitdikdə, kainatda olan əcaib varlıqları daha ətraflı mütaliə etməyə sövq edir.
Nəzm sübutunun əsasları
1-Kainatda olan bütün varlıqlar (günəş sistemi, insanlar, heyvanlar və s.) nizam və müəyyən qanunauyğunluq əsasında yaradılmışdır ki, bütün ağıl sahibləri bunu təsdiq edirlər.
2-hər bir nəzm və qanunauyğunluğun bir səbəbi olmalıdır.
3-heç bir varlıq öz-özünə və yaxud təsadüf nəticəsində vücuda gələ bilməz[5].
Beləliklə, Allah varlığını isbat etmək üçün istifadə etdiyimiz nəzm dəlili yuxarıda qeyd olunmuş üç əsasdan təşkil olunmuş və mö'təbər bürhan (dəlil) hesab olunur.
Kainatda olan əsrarəngiz işlər
Bu haqda söhbəti sona çatdırmaq üçün kainatda mövcud olan nizam-intizamdan bir neçə nümunəni qeyd edib, artıq mütaliəni əziz oxucuların özlərinə həvalə edirik.
1-İnsanın yaranışı;
Həzrət İmam Sadiq (ə) Müfəzzəl adlı səhabələrindən birinə belə buyurmuşdur:
"Ey Müfəzzəl! İnsanı sair heyvanlardan üstün edən hissiyyat və dərk üzvləri haqqında düşün. Minarə üzərində olan çıraqlar kimi insan başında olan gözlərə bax ki, necə də hər şeyi aydıncasına görürsən. Gözlər bədənin aşağı üzvlərində (əllər və ayaqlarda) deyil, başda yerləşdirilmişdir. Çünki əks halda (hər şeyi yüksəkdən müşahidə etmək olmaz və) onu müxtəlif hadisələrdən qoruyub-saxlamaq çətin olardı...Həmçinin, bu gözlər insanın qarın və yaxud kürək nahiyəsində yerləşdirilməmişdir. Çünki belə bir halda əşyaları görüb (ətraf mühitdən) xəbərdar olmaq çətin olardı"[6].
Doğrudan da, insanın yaranışına baxdıqda təəccüblənir və onun (hikmətli xaliqinin) varlığına inanırıq. Bizi bu cür əcaib yaranışlara qarşı təəccübləndirməyən əsas amil isə, onlara adət gözü ilə baxmağımızdan irəli gəlir. Məsələn, adət baxışını kənara qoyub dünyaya yeni gəlmiş körpəyə nəzər salsaq, gözlərimizə inanmayacağıq. Çünki neçə ay bundan qabaq bir neçə damcı spermadan ibarət olan nütfə, hal-hazırda görən, ağlayan və gülümsəyən bir insana çevrilmişdir...
2-Heyvanların yaranışı;
Həzrət İmam Sadiq (ə) buyurmuşdur:
"Heyvanlar ölüm vaxtının çatdığını bilən kimi, özlərini alçaq və dərin bir yerdə gizlədərək orada ölürlər. Belə olmasaydı, bütün düzənliklər (və dağlar) onların pis və qoxumuş iyinə aludə olar və nəticədə (yoluxucu) vəba xəstəliyi hər yerə yayılardı"[7].
Görəsən, hevanlara bu işi kim öyrətmişdir? Onların bu təəccüblü işi təsadüfi ola bilərmi?...
Tanınmış zooloq, professor Henri özünün «Heyvanlar və quşların həyatı» kitabında belə yazır:
Həqiqətdə, kainat valıqlarının hər biri sağlam düşüncəli insan üçün ən böyük ilahi nişanə sayılır.
3-Göylər və yerin yaranışı;
Bildiyiniz kimi yaşadığımız yer kürəsi günəş sistemində yerləşən bir planetdir. Günəş sistemində Merkuri, Venera, Yer (canlı varlıqların yaşayış məskəni), Mars və s. bu kimi bir sıra planetlər vardır ki, bu planetlərin hər biri öz ətrafında, eləcə də günəş ətrafında fırlanır və heç vaxt bir-biri ilə toqquşmurlar. Görəsən bu nəzm və intizam təsadüfi ola bilərmi?
Bizim yaşadığımız yer kürəsi ilə günəş arasında olan fasilə 150000000 kilometrdir ki, bə'zi astranomiya alimlərinin əqidəsinə əsasən bu fasilə bir az çox və ya az olsaydı yer kürəsində yaşayan canlılar istidən və ya soyuqdan məhv olub aradan gedərdilər.
Yer kürəsinin 384394 kilometrlik fasiləsində isə ay yerləşir ki, saatda 3680 kilometr sür'ətlə hərəkətdədir. Görəsən bütün bunlar öz başına vücuda gəlmişdirmi?
Yer kürəsində mövcud olan cansız məxluqlar, heyvanlar, bitkilər və insanların hər birində ağıl sahibləri üçün onları yaradanı tanımaqda çoxlu nişanələr vardır.
Allahın təkliyinə olan sübutlar
Allahın varlığı haqda söhbət açıb, onun varlığını isbat etdikdən sonra Onun təkliyinə aid olan sübutları diqqətinizə çatdırırıq:
1-Ağıl yolu:
Heç bir sağlam ağıl və düşüncə sahibi bu kainatın iki, yaxud daha çox Allahı olmasını təsdiq etməz. Çünki xalis olan bir həqiqətdə "çoxluq" məfhumunun mə'nası yoxdur. həmçinin, nəhayətsiz varlıq üçün şərik qoşmaq da düzgün deyildir. Bütün bunlardan əlavə, biz iki Allaha əqidə bağlasaq, bu iki Allahın müəyyən bir məkanda olduğunu da qəbul etməliyik. Lakin Allahın hər hansı bir məkanda olduğunu desək, Onun cisim olduğunu da qəbul etməliyik. Cisim isə mürəkkəbdir və onun yaradana ehtiyacı vardır.
Allah-taala nəhayətsiz bir həqiqət və varlıq olaraq heç bir şeydən tərkib tapmamış, heç bir məkanda deyil və heç bir xaliqin məxluqu da sayılmır.
2-Ayə və hədislər:
Ənbiya surəsi, ayə 22 : "Göylərdə və yerdə (bu kainatda) bir olan Allahdan başqa ayrı bir Allah olsaydı, onların nizam-intizamı bir-birinə dəyib aradan gedərdi".
Tövhid surəsi, ayə1-4 : "Bağışlayan və mehriban Allahın adı ilə. (Ey Peyğəmbər!) De ki, Allah birdir və hər bir şey ona möhtacdır. O nə doğmuş, nə də doğulmuşdur və heç bir şey ona tay ola bilməz".
Bu haqda nəql olunmuş bir neçə hədis:
1-Səhabələrdən biri Həzrət İmam Sadiqdən (ə) soruşdu: "Allahın təkliyinə olan sübut nədir? Həzrət İmam Sadiq (ə) cavabında buyurdu: "Kainatda mövcud olan tədbir, həmahənglik və xilqətin kamilliyi Allahın təkliyi üçün sübutdur". Həzrət İmam Sadiq (ə) daha sonra bu ayəni oxudu: "Göylərdə və yerdə (bu kainatda) bir olan Allahdan başqa ayrı bir Allah olsaydı, onların nizam-intizamı bir-birinə dəyib aradan gedərdi"[8].
2-Həzrət Əmirəl-Mö'minin İmam Əli (ə) oğlu Həzrət İmam Həsənə (ə) yazdığı məktubda buyururdu: "Oğlum! Bil ki, Allahın şəriki olsaydı, (o Allah da) öz Peyğəmbərlərini göndərər və sən onun iqtidar və hökumətinin əsərlərini müşahidə edib sifətlərini (xüsusiyyətlərini) tanıyardın. Lakin (bir olan Allahın) özünü tanıtdırdığı kimi, o vahid Allahdır..."[9].
Beləliklə, istər ağıl, istərsə də ayə və rəvayətlərdən belə başa düşülür ki, bu kainat varlıqlarının yalnız və yalnız bircə Allahı və xaliqi vardır. Allaha şərik qoşmaq isə mə'nasız və düşüncəsiz bir işdir.
Allahın sifətləri
Allah-taala bir sıra sifət və xüsusiyyətlərə malikdir ki, onları "sübuti" (Allah-taalada mövcud olan) və "səlbi" (Allah-taala da mövcud olmayan) sifətlərə ayırmaq olar. Allah-taalanın uca məqamı və kamalından xəbər verən sübuti sifətlər çoxdur. Burada aşağıdakılardan ad gətirmək olar:
1. Vəhdət - Allahın tək və yeganə olması;
2. Həyat - Allahın həmişə diri olması;
3. Həqq - Allahın həmişə sabit olması;
4. Qəni - Allahın ehtiyacsız olması;
5. Səməd - Allahın möhkəm və ehtiyacsız olması;
6. Qəyyum - Allahın Öz zatına arxalanması;
7. Qüdrət - Allahın hər bir şeyə qadir və bacarıqlı olması;
8. Alim - Allahın bilici olması;
9. Bəsir - Allahın hər şeyi görməsi;
10. Səmi' - Allahın hər şeyi eşitməsi.
İlahi sifətlər Allah zatının özüdür və bu sifətlərlə Allahı vəsf etmək, Onun müqəddəs zatını yad etməyə kifayət edər. Qeyd etmək lazımdır ki, Allahın bu müqəddəs sifətlərini dərk etmək biz insanların ağılının xaricində qalır. Çünki insanların ağıl və düşüncəsi məhdud, Allahın bu uca sifətləri isə, nəhayətsiz və mütləqdir. Mütləq və nəhayətsiz bir vücud da, məhdud bir yerdə yerləşə bilməz və dərk olunmaz.
Həmçinin, Allahla müqayisə oluna biləcək bir şey olmayıb və olmayacaqdır. Qur'ani-kərimdə belə buyurulur:
"(O uca məqamlı) Allahın oxşarı olan heç bir şey yoxdur"[10].
İmam Səccad (ə) buyurmuşdur:
"Allah-taala insanların zehnində müəyyən bir sifətlə vəsf olunmaqdan ucadır. Çünki onun sifətlərinin həddi-hüdudu yoxdur".
Səlbi sifətlər dedikdə, Allahın müqəddəs zatının bir sıra sifətlərdən uzaq və uca olduğu nəzərdə tutulur. Burada bir neçə səlbi sifətləri qeyd edirik:
1. Allahın oxşarının olmaması;
2. Allahın övladının olmaması;
3. Allahın başqasından doğulmaması;
4. Allahın gözlə körünməməsi;
5. Allahın digər bir şeydən təşkil tapmaması;
6. Allahın ləzzət və ağrını hiss etməməsi;
7. Allahın digəri ilə birləşməməsi;
8. Allahın müəyyən bir zaman və məkanda olmaması;
9. Allahın cisim olmaması;
10. Allah elminə çatmağın mümkünsüzlüyü və s.
Qeyd etmək lazımdır ki, ilahi Peyğəmbər və İmamlar Allahın bütün elminə deyil, yalnız Onun izni ilə elminin müəyyən bir hissəsinə çata bilərlər.
İndi isə Allah-taalanın sübuti (gözəl adları və sifətləri) ilə icmali şəkildə tanış olaq:
1-Allah-mə`bud, başqalarını öz zatında heyran qoyan;
2-Vahid–yeganə;
3-Əhəd-tək, yeganə;
4-Səməd-başqalarının Ona ehtiyaclı olduğu mə`bud;
5-Əvvəl-butun məxluqlar yaranmamışdan öncə olan;
6-Axir-butun məxluqlar fani olduqdan sonra qalan;
7-Səmi`-eşidən;
8-Bəsir-görən;
9-Qədir-bacarıqlı;
10-Qahir-zalımları məğlub edən;
11-Əli-uca;
12-Ə`la-qalib, uca;
13-Baqi-nəhayətsiz olaraq qalan;
14-Bədi`-ilk dəfə olaraq məxluqları yaradan;
15-Bari-xaliq, yaradan;
16-Əkrəm-kəramətli;
17-Zahir-aşkar;
18-Batin-gözlərin idrakından gizli;
19-Həyy-diri (fəal və dərk edən);
20-Həkim-işləri möhkəm və hədəf əsasında olan;
21-Əlim-hər şeydən agah;
22-Həlim-güzəşt edən, səbrli;
23-Həfiz-hər şeyi qoruyub saxlayan;
24-Həqq-həqiqət;
25-Həsib-kifayət edici;4
26-Həmid-tə`rifə layiq;
27-Həfi-alim, bilikli;
28-Rəbb-malik, tədbir görən;
29-Rəhman-hamıya qarşı mehriban;
30-Rəhim-mö`minlərə qarşı mehriban;
31-Zari-xaliq;
32-Raziq-ruzi verən;
33-Rəqib-gözətçi;
34-Rəuf-mehriban;
35-Səlam-bütün eyblərdən uzaq, sağlamlıq verən;
36-Rai-hər .şeyi görən;
37-Mö`min-aman verən;
38-Mühəymin-şahid, qalib, qoruyan;
39-Əziz-misilsiz, heç vaxt məğlub olmayan;
40-Cəbbar- eyb və nöqsanları aradan qaldıran, üstün;
41-Mütəkəbbir-uca, üstün;
42-Seyyid-itaəti vacib sayılan mə`bud;
43-Sübbuh-bütün eyblərdən pak və münəzzəh olan;
44-Şəhid-şahid, agah;
Yazar: Admin | İslam | Şərhlər(0)
| Baxış sayı: 134
Açar sözlər: tovhid allah eqide
