Əməkdar artist Mehriban Xanlarova hicab taxdıqdan sonra üzünə bir çox qapıların bağlandığını bildirib
Əvvəllər ancaq nənələrimizi başı örpəkli görərdik. İndi hər addımbaşı gənc hicablı qadınlara rast gəlmək mümkündür. Amma gənclər nənələrimiz qədər örpəyi baş üstündə gəzdirə bilirlərmi? ANS TV-nin mədəniyyət xəbərlərinin əməkdaşları bu mövzunu, başına örpək taxmış incə sənətin nümayəndələri arasında araşdırıb.
“Qan çıxmayan yerdən qan çıxarmayın. Allahla özüm bilərəm, başımı bağlayaram, bağlamaram. Mən sənət adamıyam” – deyə əməkdar artist Mehriban Xanlarova bildirib. Əməkdar artist Mehriban Xanlarova iki dəfə Həcc ziyarətində olub. Bir ara da başı bağlı gəzib. Hicab taxması böyük səs-küyə səbəb olub və aktrisa deyir ki, daha sonra bu səbəbdən üzünə çox qapılar bağlanıb.
“Artıq mənim üçün qadağalar qoymaq istəyirdilər ki, başın bağlıdır. Efirdən mənə zəng edib soruşurdular, başını açmısansa, səndən müsahibə alaq. Mən isə bildirdim ki, artıq 4 aydır başımı açmışam” – deyə Mehriban Xanlarova bildirib. Bu sənətdə olmasaydım, bəlkə də başım indi bağlı idi”-deyən aktrisa sənətdə örpəkli rolların az olduğunu yada salır. Hər tamaşada başıbağlı səhnəyə çıxmaq mümkün olmadığı üçün sənəti ilə dinini bir araya gətirə bilməyən Mehriban Xanlarova seçim etməli olub.
Təkcə aktrisalar deyil, başını bağlayan müğənnilər də deyir ki, tədbir və konsertlərə dəvət alanda baş örtüyü onlara problem yaradır. Bu fikirlə muğam ustası Bəsti Sevdiyeva da razıdır. İki dəfə Həcc ziyarətində olan, Bəsti Sevdiyeva da bir ara çalma bağlayıb. “Ürəyim istəyəndə bağlayıram, istəməyəndə yox. Biz demokratik ölkədə yaşayırıq, bizdə məcburi deyil ki, hicab bağlayasan və ya niyə bağlamırsan” – deyə Bəsti Sevdiyeva bildirib. Ümumiyyətlə, istənilən işgüzar və ya evdar xanımın hicab taxmasına normal yanaşdığını bildirən Bəsti xanım, özü başını bağlamasa da, gəlinini örpəkli bir qız kimi görməyə etiraz etməz. Oğlum istəsə, qız da sevsə, gətirərəm elə bir qızı, gəlin edərəm. "/ANSPRESS/
