QURBAN BAYRAMINDA İSLAMİ QAYDALARA YENƏ DƏ RİAYƏT OLUNMADI
Hacı İlqar İbrahimoğlu: “Bu, maarifləndirmə işlərinin aparılmaması ilə, vətəndaş cəmiyyətindəki problemlərlə bağlıdır”
Bayram günləri yolların kənarında, harda gəldi qurbanlar kəsilirdi. Şəhərin küçələrini qan “seli” bürümüşdü. Antisanitariya vəziyyətində, hay-küylə həyata keçirilən mərasimlər bu bayramın mahiyyətində dayanan fəlsəfədən qat-qat uzaq idi.
Halbuki, Respublika Epidemiologiya və Gigiyena Mərkəzi (EGM), eləcə də Dövlət Baytarlıq Xidməti xeyli tədbir görəcəklərini vəd etmişdilər. Hətta EGM-dən qurbanın qanının ətraf əraziyə axıdılmamasına, heyvanların su hövzələrindən kənarda kəsilməsinə, tullantıların yol kənarlarına atılmamasına nəzarət olunacağı bildirilmişdi. Lakin bu deyilənlərin heç biri olmadı.
Müqayisə üçün qeyd edək ki, Türkiyədə, İranda, habelə digər müsəlman ölkələrində Qurban bayramı ilə əlaqədar əvvəlcədən olduqca yüksək səviyyədə, hətta dövlət səviyyəsində hazırlıq işləri görülür. Konkret olaraq, qardaş Türkiyədə bu mərasimlə bağlı bütün təşkilati işləri yerli bələdiyyələr həyata keçirir. İki həftə öncədən bayram komissiyaları yaradılır. Qurbanların kəsilmə yeri müəyyənləşdirilir. Həmçinin ətin keyfiyyətinə, qurbanlıqları kəsən şəxslərin sağlamlığı və s. bu kimi məsələlərə ciddi nəzarət edilir. Bəs bizdə niyə belə deyil? Bu, hökumətin problemidir, yoxsa əhalinin? İçərişəhər Cümə Məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu Qurban bayramı ilə bağlı yaranan problemləri əhalinin dini biliklərinin azlığı və maarifləndirmə işlərinin aparılmaması ilə əlaqələndirdi: “Qurban bayramından bir neçə gün öncə ölkənin aparıcı kütləvi informasiya vasitələri, xüsusilə telekanallar geniş maarifçilik işləri aparmalı idi. Vətəndaş cəmiyyəti ilə bağlı problemlər, təşəbbüslərin doğru qiymətləndirilməməsi, telekanallarda İslam maarifçiliyi yönündə yaranmış müəyyən senzura belə xoşagəlməz halların baş verməsinə gətirib çıxarır. İslam təmizlik, paklıq dinidir. İslamın təmizliyə verdiyi diqqət heç bir dində yoxdur”.
İ.İbrahimoğlu çıxış yolunu maarifçiliyin gücləndirilməsində görür: “Qurban bayramından bir neçə həftə öncə diskussiyalar aparılmalı, ictimai debatlar təşkil olunmalıdır. Eyni zamanda bir sıra islahatlar həyata keçirilməlidir. Təşəbbüslərə geniş imkan yaratmaq lazımdır. Hazırkı şəraitdə insanlar yaşadığı yerlərdə qurban kəsmək üçün ümumi yer müəyyənləşdirməlidir”.
Həmsöhbətim Türkiyədə olduğu kimi bizdə də təşkilati işlərin yerli bələdiyyələrə və ya icra orqanlarına həvalə edilməsini məqbul saymır: “Azərbaycanda bu məsələlərdə vətəndaş nəzarəti yoxdur. Əksinə, vəziyyət daha da xoşagəlməz məcraya yönələ bilər. Korrupsiya kimi halların baş verməsinə yol açar”.
Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti rəsmilərinin mövqeyini öyrənməyə cəhd etdik. Lakin meriyada kimisə tapa bilmədik.
LEYLA
