TÜRKİYƏ XANIMLARININ 70%-i HİCAB BAĞLAYIR
Türkiyənin yeni Konstitusiyasında hicablı xanımların problemi öz həllini tapır
Türkiyədə hicab bağlayan xanımların sayı artmaqda davam edir. Türkiyənin «Milliyət» qəzetinə istinad edən «İslam.ru» saytının verdiyi xəbərə görə, bu yaxınlarda «Konda» şirkəti tərəfindən aparılmış sosioloji sorğunun nəticələri buna sübut olmuşdur. Bildirildiyinə görə, sorğuda Türkiyənin 81 əyalətindən 41-ni təmsil edən 5289 respondent iştirak etmişdir.
Aparılmış tədqiqatın nəticələri barədə bu həftənin əvvəlindən məlumatlar dərc etməyə başlamış «Milliyət» qəzetinin qeyd etdiyinə görə, başında Türkiyənin baş naziri Rəcəb Teyyib Ərdoğan duran islamyönümlü Ədalət və İnkişaf partiyasının (AKP) hakimiyyətdə olduğu 4 il ərzində türk qadınları arasında hicabın populyarlığı 5% artmışdır. Belə ki, «Əgər 2003-cü ildə hicabı türk xanımlarının 64%-i bağlayırdılarsa, bu gün isə onların sayı 69%-dir», - deyə qəzet qeyd etmişdir.
Sosioloqların verdiyi məlumatlara görə, türk xanımlarının əksəriyyəti hicabı «dini əqidələrinə» görə bağlayırlar. «Belələrinin miqdarı 100-dən 73%-dir ki, bu da 2003-cü il ilə müqayisədə 9,6% çoxdur», - deyə «Milliyət» qəzeti diqqətini buna yönəldərək, həmçinin qeyd edir ki, uyğun dövr ərzində yerli adət və ənənələrə görə hicab bağlayan türk qadınlarının sayı isə 19,2%-dən 13,7%-ə qədər azalmışdır, əqidəyə görə bağlayanlar isə artmışdır.
Sosioloqlar bundan da başqa islami geyim əxlaqının 18 – 28 yaş arasında olan gənclər arasında artım tendensiyasına da diqqət vermişlər. Belə ki, «İslam əxlaqına uyğun geyim formasını seçən gənclər arasında bu göstərici 2003-cü ildəki 4,1%-dən bu gün 19,7%-ə qədər artmışdır».
Qəzet həmçinin qeyd etmişdir ki, müsəlman baş örtüyünü Türkiyədə yaşayan hər dörd şagird və tələbə xanımdan biri bağlayır. Tədqiqatın göstəricilərinə əsasən, Türkiyə ali məktəblərində hicabın qadağan olunmasının əleyhdarlarının sayı dörd il ərzində 75,5%-dən 78%-ə qədər artmışdır.
Lakin, sosioloqlar üçün ən böyük sürpriz isə qüvvədə olan qanunvericiliyin qadağan etməsinə rəğmən, məmurlar arasında dövlət idarələrində müsəlman baş örtüyünün bağlanmasının tərəfdarlarının artması faktı olmuşdur.
«Əgər 2003-cü ildə yalnız 62,6% məmur qadınların öz istəyinə uyğun hicab bağlamalarının tərəfdarı idisə, bu gün bu fikri 78,9% məmur dəstəkləmişdir», - deyə «Milliyət» qəzeti vurğulamışdır.
Qeyd etmək lazımdır ki, Ədalət və İnkişaf partiyası 2002-ci ildə keçirilmiş parlament seçkilərində qələbə çalıb hakimiyyətə gəldikdən bəri Türkiyənin ali məktəblərində və dövlət idarələrində müsəlman geyimi atributlarına olan qadağanın ləğv edilməsinə çalışacağını dəfələrlə bəyan etmişdir.
Xatırladaq ki, bu qadağa Türkiyədə 1925-ci ildə müvafiq qanunun qəbul edilməsindən sonra tətbiq olunmağa başlanmışdı. Və bu qadağaya ölkənin «dünyəvi elitası», və ilk növbədə də hicabda respublikanın dünyəvi statusuna bir təhlükə simvolu görən ordu generalları qeyri-şərtsiz riayət edir.
Bu ilin aprel ayında keçirilmiş və ölkənin Konstitusiya Məhkəməsi tərəfindən etibarsız sayılmış Türkiyə prezidenti seçkisinin birinci turunda, Türkiyədə Abdullah Gülün həyat yoldaşı Xeyrunnisə Gülün məsələsi çox aktiv şəkildə müzakirə olunurdu. Belə ki, Xeyrunnisə Gül də AKP partiyasının nümayəndələrinin əksəriyyətinin xanımı kimi hicab bağlayır. Hal-hazırda isə Abdullah Gülün avqust ayında ölkənin prezidenti seçilməsindən sonra xanım Gül Türkiyənin «birinci ledisi» statusundadır.
«Konda» şirkətinin sorğusuna şərh verən siyasətçilər qeyd etmişlər ki, Türkiyədə hicabın populyarlığının artması həm də bu baş örtüyünün «siyasi mübarizə simvoluna» çevrilməsi ilə əlaqədar olmuşdur. İndi Türkiyədə hicab çox aktiv şəkildə gənclər arasında, ali təhsilli şəhər qadınları və orta təbəqəyə mənsub olan xanımlar arasında genişlənməkdədir. Və onun belə yayılmasında AKP hakimiyyətində müşahidə olunan «müasir konservatizm» meylləri və hicabın bir növ siyasi simvola çevrilməsi heç də sonuncu yer tutmur, - deyə «Milliyət» qəzetinin siyasi şərhçisi Dərya Sazak öz məqaləsində yazmışdır.
Türkiyə parlamentinin Konstitusiya Komissiyasının rəhbəri Bürhan Kuzu isə sosioloqların bu araşdırmasına heç bir şərh verməmişdir. Lakin, o qeyd etmişdir ki, dekabr ayının ortaları üçün səsləndiriləcək ölkənin yeni Konstitusiyasının layihəsində müsəlman baş örtüyünə həsr edilmiş ayrıca bir maddə də olacaqdır. «Mən sizi əmin edirəm ki, yeni Konstitusiyada baş örtüyündə olan xanımların universitetlərdə təhsil almalarının qarşısında olan maneələri aradan qaldıran dəqiq müddəa olacaqdır», - deyə reportyorlara müsahibə verən millət vəkili bildirmişdir.
Bu arada Türkiyənin hakim dairələri ölkə ərazisindəki dövlət idarələrində və universitetlərdə bu günə kimi mövcud olan hicab bağlanması qadağasını yüngülləşdirmək niyyətindədir. «Tezliklə qəbul olunması nəzərdə tutulan ölkənin yeni Konstitusiyası baş örtüklərinin bağlanması ilə bağlı problemi daha çox azadlıq ruhunda həll edəcəkdir», - deyə Türkiyənin «CNN Turk» telekanalına müsahibə verən Ədalət və İnkişaf partiyasının (AKP) sədrinin müavini Dengir Firat bəyan etmişdir.
«İslam.ru» saytının verdiyi xəbərə görə, Türkiyənin yeni Konstitusiyasının layihəsi dekabr ayının 15-də çap edilməlidir.
«Dəyərlər»
