Reklam verin!

İSLAM QILINCLA YAYILMAYIB

Yazar: Admin @ Dekabr 7, 2007 13:42

Alman müxbir Andrea Bistrixin Karen Armstronqla siyasət, dinKaren Armstronq, radikalizm və oxşarlıqlar mövzusuna dair reportajı

Karen Armstronq vəzifəsindən istefa verib Oksforda yollananadək yeddi il katolik kilsəsində rahibə olmuşdur. Hazırda isə o, böyük dinlər və onların qurucuları haqqında ərsəyə gətirdiyi kitablar sayəsində ən məşhur ilahiyyatçılardan biridir. Bununla yanaşı Armstronq BMT-nin keçmiş baş katibi Kofi Annanın təşəbbüsü ilə radikalizmlə mübarizə aparmaq və Qərb ilə İslam dünyası arasında daha geniş bir dialoq təşkil etmək üçün yaradılan Mədəniyyətlər İttifaqının 18 üzvündən biridir.

Alman mübir A.Bistrixin Karen Armstronqla siyasət, din, radikalizm və oxşarlıqlar mövzusuna dair reportajını sizə təqdim edirik.
A. Bistrix: 11sentyabr hadisələri Qərb ilə İslam dünyası arasında düşmənçiliyin aradan qaldırılması çox çətin olan simvolu olub. Bu hadisədən sonra Amerika cəmiyyətində belə bir sual meydana gəlib: "Nə üçün bizə nifrət edirlər?" Digər tərəfdən politoloqlar arasında baş verən polemikalarda İslamın təbiətində zorakılığın olması mübahisələri baş qaldırıb. Bu nə dərəcədə həqiqətə uyğundur?

K.Armstronq: Xeyr, bu əsla belə deyildir. Quranla müqayisədə İncildə zorakılıqla bağlı mətnlərə daha çox rast gəlinir. İslamın qılıncla yayıldığı fikri Qərbin bir uydurmasıdır və bu xristianların İslama qarşı vəhşi bir "müqəddəs" müharibəyə girişdiyi xaç yürüşləri əsnasında ortaya çıxmışdır.  Quran təcavüzkar müharubəni qadağan edir, yalnız haqlı özünü müdafiəyə icazə verir. Düşmən sülh təklif edərsə Quran müsəlmanların silahlarını endirmələrini və üstün vəziyyətdə olsalar belə sülh təklifini qəbul etməyin zəruri olduğunu bildirir. Eyni zamanda islam hüququ müsəlmanların inanclarını müstəqil şəkildə yaşaya bildiyi bir ölkəyə hücum etməyi qadağan etmişdir. İslamda müharibə zamanı mülki vətəndaşları öldürmək, mala zərər vermək və alovdan istifadə etmək də qadağandır. Danimarkada Məhəmməd peyğəmbərin karikaturalarının dərc olunması, papanın islama dair açıqlamaları və son zamanlar baş verən digər hadisələrin nəticəsində qütbləşmə daha da intensivləşmişdir. Bütün bunlar Qərb və İslam arasındakı əlaqələri uçuruma doğru aparır.


A.Bistrix:Harvard universitetinin professoru Samuel Hantinqton bu gün şahidi olduğumuz "Mədəniyyətlərin Toqquşması" nəzəriyyəsini irəli sürmüşdür. Həqiqətən də "Xristian qərb" və  "İslam dünyası" arasında belə bir uyuşmazlıq mövcuddurmu?

K. Armstronq: Dünyadakı parçalanmalar dini və mədəni deyil, siyasi səbəblərdən qaynaqlanır. Dünyada bir güc natarazlığı mövcuddur. Zəif güclər böyük güclərə meydan oxumaq üçün adətən din amilindən istifadə edərək onlardan asılı olmadıqlarını, müstəqil olduqlarını elan edirlər. Bizim fundamentalizm adlandırdığımız anlayış əksər hallarda millətçiliyin dini formulu kimi bir şəxsiyyət iddiası ilə ortaya çıxmışdır. Avropada XIX əsrdə millətçilik idealı artıq paslanmışdı. İslam dünyasında insanlar müstəmləkə əsarətinin ardından əvvəlki nüfuzlarını geri qaytarmaq məqsədilə özlərini din üzərində yenidən formalaşdırmağa başlayıblar.


A. Bistrix: Fundamentalizmi hakim qüvvəyə çevirən səbəb nədir?
K. Armstronq: Bizim fundamentalizm dediyimiz radikal dindarlıq XX əsrdə dünyada mövcud olan bütün əhəmiyətli inanclarda ortaya çıxmışdır. Yəni fundamentalist buddizm, xristianlıq, yəhudilik, sihizm, hinduizm və konfutsilik olduğu kimi fundamentalist islam da vardır.Fundamentalizmin ən son keçən əsrin 60-cı illərində İslam dinində ortaya çıxıb.
Fundamentalizm din və siyasəti bir-birindən ayıran müasir dünyəvi cəmiyyətə qarşı bir etirazdır. Harada bir qərb yönümlü dünyəvi dövlət qurulsa, orada ona qarşı bir dindar - mədəniyyətçi hərəkat meydana çıxmışdır. Fundamentalistlər müasir mədəniyyətdən kənarlaşdırılan dini yenidən hakim qüvvəyə çevirmək istəyirlər. Yəhudi, xristian və ya müsəlman fundamentalizminin bütün növlərinin kökündə yox edilmə qorxusu vardır. Fundamentalistlər sekulyar və ya liberal cəmiyyətin mənsubları tərəfindən yox ediləcəklərindən əndişə edirlər. Bu bir paranoyya deyildir. Yəhudi fundamentalizmi iki mühüm hadisəni – faşistlərin onlara qarşı törətdiyi soyqırımı və 1973-cü ildə baş verən Yom Kippur müharibəsini əsas götürür. Yaxın Şərqin bir hissəsində sekulyarlıq elə sürətli və aqressiv bir şəkildə həyata keçirilib ki, bu məhvedici bir hücum kimi qəbul edilib. Fundamentalizm son dəfə ABŞ-ın keçmiş prezidentlərindən Cimmi Karterin Buşun rəhbərliyi zamanı din və dövlətin getdikcə bir-birinə yaxınlaşdığı və Ağ Sarayda fundamentalzim ünsürlərinin olduğu yönündə narahatçılığını dilə gətirməsilə siyasətdə yerini almış bir fenomendir. Karter dini fundamentalist xüsusiyyətlərin neokonlarda da ola biləcəyinin münkünlüyünü dilə gətirib.

A.Bistrix: Belə məlum olur ki, burada mühafizəkarlarla digərləri arasında ciddi bir fikir ayrılığı mövcuddur. Bu vəziyyət müasir dünyanın tipik bir xüsusiyyətidirmi?

K. Armstronq: ABŞ burada yalnız deyildir. Müsəlman ölkələrində və Yaxın Şərqdə olduğu kimi Avropada da yeni bir xoşgörüsüzlük və təcavüzkarlıq meylləri meydana gəlib. Mədəniyyət hər zaman mübahisə mövzusu olmuşdur. Daima müxtəlif ölkələrdən müxtəlif fikirlərə sahib insanlar mövcuddur və onlar öz mədəniyyətləri naminə mübarizə aparmağa hazırdırlar. Amerikalı xristian fundamentalistlər demokratiya tərəfdarı deyildirlər. Bir çox nekonlar da fundamentalizmə meyllidir və onların bir çoxu kifayət qədər sərt mövqe nümayiş etdirirlər. İnsanların yenidən "digərləri"nə qarşı maneələrə və ideoloji gettolara sürüklənməkdən çəkindiyi zamanlar təhlükəli və çətin zamanlardır. Demokratiya həqiqətən də insanların dindar qorxusu ilə "tolerant dövlət" adlandırdığı sistemdir. Bu insanların nadir hallarda nail olduqları bir idealdır və yox olma əndişəsi ilə mütəmadi olaraq yenidən təsdiq edilməsi vacibdir. Bunu yerinə yetirə bilmək olduqca çətindir. Biz bütün amerikalılar və avropalılar olaraq "terrorizmə qarşı mübarizə" əsnasında bu demokratik idealdan kənara çıxırıq.


A.Bistrix: Müsəlman və qərb cəmiyyətləri arasında getdikcə dərinləşən uçurumun əsas səbəbləri kimi siyasi səbəbləri qeyd etmək mümkündür?
K. Armstronq: Yaxın Şərqdə müasirləşməyə maneə törədən faktor regionun qanayan yarası olan Ərəb – İsrail münaqişəsidir. Bu problem xristianlar, yəhudilər və müsəlmanlar üçün simvolik bir məna kəsb edir. Hamını qane edəcək siyasi bir həll mümkün olmadığı təqdirdə bu regionda sülhə ümid etmək yersizdir. Digər tərəfdən neft amilinə görə bəzi ölkələr qərbin acgözlüyünün qurbanı olmuşdur. Strateji mövqeyimizi müdafiə etmək və ucuz neft əldə etmək üçün İran şahını, səudi krallarını və istənilən müxalifəti qəddarcasına "zərərsizləşdirən" diktator Səddam Hüseyni belə dəstəklədik. İnsanların özünü azad hiss etdiyi və sıxıntılarını açıqlaya bildiyi yeganə məkan məscidlərdir.
Müasir dünya çox şiddətli bir məkana çevrilib. 1914 - 1945-ci illər arasında Avropada 70 milyon insan müharibələr zamanı həyatlarını itirib. Müasir dinin şiddətə meylli olması bizim üçün sürpriz olmamalıdır. Belə ki, din də politoloqlarınbildirdiyi şiddəti təqlid edir. Bizi təhdid edən şiddət və terrorun meydana gəldiyi Yaxın Şərq, Fələstin, Əfqanıstan, Pakistan və Kəşmir kimi bölgələr daim müharibənin və münaqişələrin travmatik və həta xroniki hala gəldiyi bölgələrdir.

A. Bistrix: Ərəb –İsrail münaqişəsinin müsəlmanlar üçün "zəifliyin simvolu" olduğunu qeyd edirsiniz. Bunu izah edə bilərsinizmi?
K. Arstronq: Başlanğıcda Ərəb – İsrail münaqişəsi hər iki tərəf üçün də tamamilə dünyəvi məzmunlu bir ərazi anlaşmazlığı idi. Sionizm dindar yəhudiliyə qarşı bir etiraz olaraq ortaya çıxdıqdan sonra əvvəllər bir çox haham yəhudiliyin müqəddəs simvollarından olan İsrail torpaqlarının dinsiz və dünyəvi hala gətiriləcəyi iddiası ilə sionizmi qınadı. Eynilə Fələstin Azadlıq Təşkilatının idelogiyası da sekulyar idi. Məlum olduğu kimi bir çox fələstinli xristian mövcuddur. Ancaq çox təəssüf ki, münaqişənin cığırından çıxmasına icazə verilib. Hər iki tərəfdə də münaqişəni müqəddəsləşdirərək məsələnin həlli imkanını çətinləşdiriblər. Bir çox fundamentalist hərəkətlərdə əhəmiyyətli məsələlər simvolik dəyərlərə ehtiyac hiss edir və her şeyin müasirlik ilə toqquşması arzu edilir. Yəhudilikdə dünyəvi İsrail dövləti hər bir fundamentalist hərəkatdan təsirlənir. Çünki İsrail dünyəvi quruluşun yəhudilərin dini həyatlarına yerləşdirilməsinin sxematik bir lövhəsidir. Bəzi yəhudi fundamentalistləri İsrail dövlətinə möhkəm bağlıdır və onu müqədəs hesab edirlər. İsrail siyasətinə dəstək olmağı "Tikkun"un yəni dünyanı yenidən şəkilləndirmə fikrinin müqəddəs bir gərəyi olaraq mənimsəyirlər. İşğal edilən torpaqlara yerləşmək də "Tikkun"un bir parçasıdır. Bəziləri bununla Məsihin yer üzünə yenidən gəlişinin sürətlənəcəyinə inanır. Halbuki, ultra ortodoks yəhudilər də İsrail dövləti fikrinə qarşı çıxırlar: Onların bir qismi İsraili pisləyib Məsihin gəlişindən sonra müqəddəs torpaqlarda yəhudi dövlətinin qurulmasının vacibliyinə inandıqları halda, bəziləri də tamamilə bitərəf mövqedən çıxış edərək bu məsələyə mümkün qədər qarışmırlar. Bir çox yəhudi də İsraili Ausçvitz düşərgəsinin küllərindən yüksələn bir anka quşu hesab edərək soyqırıma qarşı mübarizənin vasitəsi hesab edirlər.
Ancaq bir çox müsəlman üçün də fələstinlilərin üzləşdikləri çətin vəziyyət müasir dünya ilə olan problemlərin nəticəsidir. Həqiqət bundan ibarətdir ki, 1948-ci ildə 750 min fələstinli dünyanın açıq şəkildə təsdiq etməsi ilə yurdlarından didərgin salınmalarıl İslamın qərb qarşısındakı zəifliyinin simvolu olduğunu nümayiş etdirir. Quran müsəlmanlara əxlaqlı və dürüst bir həyat tərzi sürdükləri təqdirdə cəmiyyətlərinin inkişaf edəcəyini, çünki bu şəkildə bəşəri qanunlara uyğun olacağını bildirir. İslam həmişə müvəfəqiyyətlərin dini olmuşdur. Müsəlmanlar bir çox nailiyyətlər əldə etmişlər. Ancaq sekulyar qərb qarşısında müvəffəqiyyətsizliyə düçar oldular.Bu gün fələstinlilərin zəif olması bunu ən bariz nümunəsidir. Qüds islam dünyasının ən müqəddəs üçüncü şəhəridir.

Müsəlmanlar Hərəmi-Şərifdəki məbədlərinin ətrafında İsrailiilərin məskunlaşdığını gördükdə müqəddəs şəhərlərindən getdikcə məhrum olduqlarılnı hiss edirlər. Bu da müsəlmanların mühasirəyə alındığını nümayiş etdirir. Onu da qeyd etmək lazımdır ki, fələstinlilərin dini bir ideologiyadan möhkəm yapışmaları Misir və Pakistan kimi ölkələrdə fundamentalizmin qüvvətlənməsindən sonra baş vermişdir. 1987-ci ildə baş verən ilk İntifadaya qədər fələstinlilərin müqavimət hərəkatı dünyəvi bir mahiyyət daşıyırdı. Bu da çox əhəmiyyətlidir: Məsələn Həmas hərəkatı Əl-Qaidə kimi beynəlxalq fəaliyyəti olan bir təşkilat deyildir.  Həmas bir müqavimət hərəkatıdır. Amerikalılara və ya ingilislərə deyil, işğalçı qüvvələrə hücum etməyi planlaşdırır. Bu da fundamentalizmin dini şəklə bürünmüş millətçiliyinə bir nümunədir. Ərəb-İsrail münaqişəsi eyni zamanda ABŞ-dakı xristian fundamentalstlər üçün də mühüm əhəmiyyət kəsb edir. Bəzi xristianlar da kəhanəti təsdiq edəcək şəkildə yəhudilərin müqədəs torpaqlarda məskunlaşmasından sonra Məsihin yer üzünə enəcəyinə inanırlar. Bununla onlar da sionistlər kimi düşünürlər. Ancaq onlar eyni zamanda anti-semitdirlər. Çünki qiyamətdən əvvəl müqəddəs torpaqlardakı yəhudilərin vaftiz edilməyi qəbul etmədikləri təqdirdə Dəccal tərəfindən yox ediləcəklərinə inanırlar.


A. Bistrix: Fikrinizcə Qərb Fələstində baş verənlərlə bağlı hər hansı bir məsuliyyət daşıyır?
K. Armstronq: Dünyada acı çəkən nə qədər insan varsa Qərb onlara görə cavab verməlidir. Biz dünyanın ən zəngin və ən güclü millətləri arasındayıq. Fələstində, Kəşmirdə, Çeçenistanda, Afrikada və ya dünyanın istənilən bölgəsində kasıbçılığa və ədalətsizliyə əxlaqi olaraq da, dini olaraq da göz yummaq mümkün deyildir. Ancaq qərbin Ərəb – İsrail münaqişəsində xüsusi bir məsuliyyəti vardır. 1917-ci ildə Belfor deklarasiyasında İngiltərə Fələstinin yəhudi yurdu olduğunu təsdiq etmiş, fələstinlilərin üzləşdikləri çətinlikləri və istəkləri ilə hesablaşmamışdı. ABŞ bu gün də İsraili iqtisadi və siyasi cəhətdən dəstəkləyir. Fələstinlilərin halından isə guya xəbəri yoxdur. Bu çox təhlükəli bir haldır. Belə ki, fələstinlilər başqa digər ölkələrə üz tutmurlar. Yəni israillilərə təhlükəsizlik, fələstinlilərə isə siyasi müstəqillik vəd edən bir həll yolu tapılmadığı təqdirdə dünyanın sülh ümidləri qursağında qalar.

A.Bistrix: Siz bir də üçtərəfli görüş dediyiniz məsələyə ayrı-ayrı İslam, Yəhudilik və Xristianlıq pəncərəsindən baxa bilmənin əhəmiyyətini vurğulamışdınız. Bu fikri izah edə bilərsinizmi?
K. Armstronq: Üç İbrahimi din olan Yəhudilik, Xristianlıq və İslam üç müxtəlif istiqaməti olan, ancaq ortaq ənənələrə malik dinlər hesab edilə bilər, hətta edilməlidir də. Mən bu üç dini daima bu şəkildə görərək heç birini digərindən üstün tutmamışam. Hər birinin özünəməxsus üstünlükləri və qüsurları vardır. Yəhudilər, xristianlar və müsəlmanlar eyni tanrıya inanır və eyni əxlaqi dəyərlərə malikdirlər. "Tanrının tarixi" (A History of God ) kitabımda keçmişdə yəhudi, müsəlman və xristianların tanrı haqqında eyni sualları soruşduğunu və xüsusi əhəmiyyətdə bənzər həllərə nail olduğunu göstərməyə çalışdım. Məsələn, yaradılışın yəhudi və müsəlman versiyaları vardır. Digər tərəfdən kəhanət haqqında bu üç din çox bənzər fikirləri mənimsəyiblər. "Tanrı üçün döyüşdə" (İn the battle for God ) kitabımda bu üç inancdakı fundamentalist hərəkətlərin bir-birinə nə qədər bənzədiyini açıqlamağa çalışmışam.
Əlbəttə ki, yəhudilər özlərindən sonra gələn xristianlığı və İslamı qəbul etməkdə çətinlik çəkmişlər. Xristianlıq ana inancı olan yəhudiliklə daim sıxıntılı bir əlaqə qurmuş, İslamı isə mənfi bir təqlid olaraq görmüşdür. Halbuki Quranın yəhudiliyə və xristianlığa mülayim bir baxışı vardır. Digərlərindən fərqli olaraq Məhəmməd (s) peyğəmbərin Əhli-kitabın inancını ləğv etməyə gəlmədiyini bildirir. Bununla yanaşı siz İbrahimi, Davudu, Nuhu, Musanı və İsanı qəbul etmədən müsəlman ola bilməzsiniz. Əhdi Cədid mətnlərində olduğu kimi müsəlmanlar da onları peyğəmbər hesab edirlər. Luka İsanı başlanğıcdan sonuna qədər peyğəmbər hesab edir. İsanın ilahi olduğu fikri sonradan mənimsənilmişdir. Ümumiyyətlə bu mövzu xristianlar tərəfindən yanlış anlaşılmışdır.

A.Bistrix: Ancaq çox təəssüf ki, dindar insanlar yalnız özlərini həqiqət üzərində hesab edirlər. Əslində bu özünü başqalarından üstün hesab etməkdir. Bu hal həqiqi dində qəbul edilməzdir. Dinlər eqoizmi rədd edir. Ümumiyyətlə dindar insanların digərlərindən daha mərthəmətli, daha sülhpərvər və ya daha mənəvi bir hava içində olmadığının şahidi oluruq. Məsələn, çox dindar bir ölkə olan Amerika eyni zamanda sosial və iqtisadi baxımdan da qeyri-stabil ölkədir. Bu vəziyyət bizə dinin məqsədi barədə nəyi xatırladır?
K.Armstronq: Dünyada geniş yayılan dinlərin demək olar ki, hamısı hər cür dindarlığın təcrübədə mərhəmətə istinad etməsinin vacibliyini vurğulamışdır. Bu dinlərı qızıl qaydanın bir variantını inkişaf etdirib: "Özünə qarşı edilməsini istəmədiyin bir şeyi başqasına da rəva bilmə". Bu qayda bizim qəlblərimizə nəzər salmağımızi tələb edir. Bir iş görərkən ağrı hiss ediriksə istənilən halda ondan imtina etməyimizin vacib olduğunu bildirir. Mərhəmət bizi digər insanlarla bərabər olduğumuzu, dünyanın mərkəzinə özümüzü deyil başqalarını qoymağı tələb edir. Bu Quranın, Əhdi Cədidin (müqəddəs Paul "dağları yerindən oynada biləcəyimə inansam da, əgər köməyim yoxdursa bu mənə heç bir fayda verməz" deyir) və İsanın müasiri olan qızıl qaydanı yəhudiliyin özü hesab edən digər hər şeyi izah qəbul edən haham Hillelin ən vacib fikirlərindəndir. Konfutsilik, Daoizm, Hinduizm və Buddizmlə də tam olaraq eyni təlimi paylaşırıq. Bunu da son çıxan kitablarımdan birində - "Böyük Çevriliş" izah etmişəm.

Bütün ənənələr sadəcə öz ətrafınıza mərhəmət göstərməklə kifayətlənməməyi birdirir.

Çinlilərin "jian ai" prinsipində qeyd olunduğu kimi hər kəsə diqqət göstərməliyik. Bir yəhudi kralı belə demişdir: "Əcnəbiyə etibar et". Həzrəti İsa: "Düşmənlərini sev" deyir. Əgər yalnız öz ətrafınızı sevirsinizsə burada bir mənfəət arayışı və özünü başqalarından üstün tutma hissi vardır.. Bütün bunlar Tanrı, Nirvana, Brahma və ya Dao deyilən qavramların özü ilə bizi tanış edir.Yəni din ilə alturizm – özündən əvvəl başqalarını düşünmək  - bir-birindən ayrı tutula bilməz.

A. Bistrix: Dindar insanlar nə üçün mərhəmətli deyildirlər? Bu bizə onlar barəsində hansı mülahizələr yürütməyə imkan verir?
K. Armstronq: Mərhəmət populyar bir davranış deyildir. Bir çox dindar insan mərhəmətli olmaq əvəzinə haqlı olmağı üstün tuturaq eqolarını tərk etmək istəmirlər. Həftədə bir dəfə dindən xoş bir həzz almaq istəyirlər ki, başqa vaxtlarda öz şəxsi həyatlarına geri qayıda bilsinlər. Din çətin bir işdir. Bir çox insan dinin əmr etdiklərini yerinə yetirə bilmir. Dünyaya bağlanaraq dindən tamamilə kənarlaşan insanlar daha yaxşıdır? Bu insanların bir çoxu bir mərhəmət idealını qəbul edir, ancaq onlar da dindarlar qədər xəsisdirlər. Dindarların mərhəmətli olmaq mövzusunda müvəffəqiyyətsizliyi bizə din barəsində heç bir şey demir. Belə ki, bu insan təbiətinə bağlı bir şeydir. Din bir metoddur: Onu təcrübə vasitəsilə həyata tətbiq etməlisiniz ki, həqiqətləri kəşf edə biləsiniz.

Ancaq çox təəssüf ki, bir çox insan bunu etmir. Qərbin Yaxın Şərqdə ədalət və demokratiya fikirləri ilə bağlı olaraq "The İndependent" qəzetinin xarici xəbərlər bürosunun əməkdaşı Robert Fisk belə deyir: "Ərəblərin bizim parlaq şəhərlərimizdən, sürüşkən demokratiyamızdan xoşları gəldiyini;  bölgədə mövcud olan  gizli polis və diktatorlardan - ki biz dəstəklədik – qurtulmaq istədiyini söyləməyə davam edirik. Bəzən demokratiyadan daha mühüm olan ədaləti istəyirlər".


A. Bistrix: Qərbin müsəlmanların müasir bir dövləti idarə edə biləcəyini anlamağa nə ehtiyacı vardır? Bu bəlkə də bizim görmək istədiyimiz bir demokratiya olmayacaq?
K. Armstronq: Müsəlman ziyalılarının da qeyd etdiyi kimi İslam və demokrtiya bir arada yaşaya bilər. Amma çox təəssüf ki, demokratiya bir çox müsəlman ölkələrində yaxşı ad çıxarmamışdır. Belə məlum olur ki, qərb ölkələri mütəmadi olaraq bunu təkrar edirlər: "Biz müstəqillik və demokratiyaya inanırıq, siz isə Səddam kimi, Şah kimi diktatorlar tərəfindən idarə edilməyə məcbursunuz". Sanki burada ikili standard mövcuddur. Robert Fisk haqlı olaraq: "Bir müddət əvvəl Pakistanda etdiyim bir çıxışda Buşun: "müstəqilliyimizdən nifrət edirlər" sözünü onların nəzərinə çatdırdıqda onlar qəhqəhə çəkib güldülər".

Demokratiyanın ordularla, silahlarla və təcavüzlə gətirliməsi mümkün deyildir. Müasir anlayışda iki mühüm qavram vardır. Bunlar mövcud olmadığı təqdirdə nə qədər hərbi təyyarəyə, kompyuterə və ya kosmik vasitələrə sahib olsanız da ölkəniz müasir hesab edilə bilməz. Bunların birincisi müstəqilikdir. Avropanın XVI əsrdən XX əsrə qədər davam edən modernizasiyası bir cəbhədən müstəqillik bildirişləri ilə bəzədilmişdir. İnsanlar sərbəst düşünməyi, nə isə icad etməyi, istədikləri şeyi yaratmağı tələb etmişlər.

İkinci xüsusiyyət isə innovasiyadır (yenilikdir). Qərb bu şəkildə müasirləşib: Həmişə yeni şeylər yaradırdıq. Çox zaman sarsıdıcı olsa da, dinamizm və inkişafa ehtiyac hiss olunurdu.
İslam dünyasına isə müasirləşmə müstəqilliklə deyil, müstəmləkəçiliklə gəlmişdir. Müsəlmanlar hələ də azad deyildirlər. Çünki qərb qüvvələri başda neft amili olmaqla digər mənfəətlərini təminat altına almaq üçün bu ölkələrin siyasətlərini pərdə arxasından idarə etməyə çalışırlar. İslam dünyasında müstəqillik əvəzinə sağlam olmayan bir asılılıq və müstəqillikdən məhrum olma mövcuddur.

 İnsanlar özlərini azad hiss etmədikcə istənilən demokratiya süni və natamam olacaqdır. Modernizasiya müsəlmanlara yeniliklə gəlməmişdir. Çünki onlara çox uzaq idik və onlar sadəcə bizi təqlid edə bildilər. Yəni yenilik əvəzinə təqlid. Biz də öz təcrübəmizdən bilirik ki, özümüzü təcavüz altında hiss edərkən yaradıcı xüusiyyətlərə malik olmaq olduqca çətindir, hətta imkansızdır. Müsəlmanların əksəıriyyəti də özlərini müdafiədə hiss edirlər və xüsusilə küçələrində tanklar, əsgərlər və işğal orduları olduğu halda həqiqi mənada müasirləşməyi və demokratiyalaşmaları olduqca çətindir.


A. Bistrix: Qərb dünyası və İslam arasında ortaq bir zəmin görürsünüzmü?
K. Armstronq: Bu ancaq siyasi məsələlər öz həllini tapdıqdan sonra mümkündür. İslam və müasir qərb idealları arasında çox böyük ortaq xüsusiyyətlər vardır.Bir çox müsəlman da bunu anlaya bilmişdir. XX əsrin əvvəllərində demək olar ki, hər bir müsəlman ziyalısı qərbə heyran qalır və ölkələrinin Fransa və ya İngiltərə kimi olmasını arzulayırdılar. Hətta bəziləri müasir qərbin müasir olmayan İslam ölkələrindən daha islami olduğunu söyləmişdir. Çünki müasir ölkələrin iqtisadiyyatları Quranın xüsusilə vurğuladığı sosial bərabərlik və ədalət kimi prinsiplərə yaxınlaşa bilmişdir. Bu arada müsəlmanlar demokratik qərbi yaxşı tanımağa və xoş münasibət göstərməyə başlamışlar. 1906-cı ildə İranda müsəlman din adamları dünya ziyalıları ilə birlikdə təmsili hökumət və konstitusiya rejimini dəstəkləmişdir. Böyük Ayətullah məqsədlərinə nail olduqları zaman yeni konstitusiyanın Mehdinin gəlişindən sonra ən yaxşı şey olduğunu, belə ki, şahın zorbalığını məhdudlaşdırdığını bildirmişdir. Ancaq çox təəssüf ki, daha sonra İngiltərə İranda neft yataqlarının mövcud olduğunu kəşf etmiş və parlamentin müstəqil fəaliyyətinə əsla icazə verməmişdir. Qərbin yürütdüyü siyasət nəticəsində müsəlmanların ümidləri puç olmuşdur. Buna Süveyş, İsrail – Fələstin despot qərb tərəfindən dəstəklənməsini misal göstərmək olar.

A.Bistrix: Məsələyə son dərəcə təcrübi bir nəzər-nöqtəsi ilə yaxınlaşdığımız zaman aradakı uçurumun üzərində bir körpü inşa etmək üçün nə etmək lazımdır? Rəhbərlərimizə, siyasətçilərimizə və hökumətlərimizə nəyi tövsiyə edə bilərsiniz?
K. Armstronq: Fikrimcə yürütdüyümüz siyasəti yenidən nəzər salmaqvacibdir. Yenidən nəzərdən keçirilən xarici siyast qurulmalıdır. İsrail – Fələstin münaqişəsində israillilərə təhlükəsizlik, fələstinlilərə isə ədalətli davranılmalıdır. Diktator rejimlərinə dəstək verilməməlidir. Əl-Qaidə kimi qruplar üçün mükəmməl bir fürsət olan İraqdakı mövcud xaosu son qoyacaq ədalətli bir çıxış yolu tapılmalıdır. Əbu Qureyb və Quantanamo təkrar yaşanmamalıdır. Əfqanıstan və Fələstinə maddi dəstək verilməlidir. Kəşmir məsəlisini həll etmək lazımdır. Ucuz neft üçün qısa müddətli həll yollarına son qoyulmalıdır. İraqda və keçən ilin yayında Livanda şahid olduq ki, artıq böyük ordularımız partizan və terror hücumları qarşısında təsirini itirib. Diplomatiya çox əhəmiyyətlidir. Ancaq qərbin şübhələri elə sabitdir ki, bəlkə də hər şey üçün çox gec olacaq.

Dunyabulteni.net

 

Xəbərlər, İslam | Şərhlər(0)
Baxış sayı: 139
Açar sözlər: islam 
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha