Reklam verin!

“İNANCLI İNSANLARA MÜNASİBƏT PİSLƏŞİB”

Yazar: Admin @ Dekabr 5, 2007 14:06

“İslam bu gün” adlı tədbirBu fikir Dini Etiqadlar və Vicdan Azadlığı Mərkəzinin düzənlədiyi “İslam bu gün” adlı tədbirdə səsləndi 


Dünən “Park inn” otelində “İslam bu gün” mövzusunda tədbir keçirildi. Tədbirin aparıcısı Dini Etiqadlar və Vicdan Azadlığı Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu dedi ki, mövzu ilə bağlı üç istiqamətdə müzakirə aparılır: inanclı insanların haqlarının pozulması, mətbuatda İslama münasibət və istər dindarlara qarşı, istərsə də əksinə, dözümlülük nümayiş etdirmək.
Dindarlara münasibətin əvvəlki illərə nisbətən pisləşdiyini bildirən DEVAMM sədri inanclı insanların hüquqlarının son vaxtlar daha çox pozulduğunu vurğuladı: “Bizə bu istiqamətdə ünvanlanan müraciətlərin sayı son 5 ildəki müraciətlərin sayı qədərdir. 500-dək inanclı insan öz hüququnun pozulmasından şikayətlənir ki, bunlardan da 150-i hicabla bağlıdır. Azan problemi, dini ədəbiyyatın nəşrində, ölkəyə gətirilməsində təzyiqlər göstərilməsi, Quranın satışının məhdudlaşdırılması, terrorla mübarizə adı ilə inanclı adamlara təzyiq göstərilməsi də bu qəbildəndir. Biz həmişə radikallaşma, terror əleyhinə olmuşuq. Lakin sıravi dindarın günahı nədir ki, onu terrorda suçlu bilib həbs etsinlər? Məsələn, belə hadisə bu yaxınlarda Naxçıvanda olub.

İkinci məsələ media ilə bağlıdır ki, bu sahədə qəribə ab-hava müşahidə olunur. Buna da vaxtında münasibət bildirilməlidir ki, ötən il Rafiq Tağı olayındakı kimi gecikməyək. Mən qətiyyən söz azadlığının məhdudlaşdırılması tərəfdarı deyiləm. Məncə, istənilən şəxs dinlə bağlı öz fikrini söyləyə bilər, lakin həddi gözləmək, təhqirə yol verməmək şərtilə".
DEVAMM sədrinin sözlərinə görə, hazırda cəmiyyətdə inanclı insanlara qarşı dözümsüzlük var: “Biz dindarları dözümlü olmağa çağırırıq, amma indi inanclı insanlara qarşı fərqli münasibət yaranıb. Məsələn, müəllim hicablı xanıma deyib ki, başını bağlamısan ki, XII imam tez gəlsin, yaxud məmur hicablı qadına deyib ki, sənə yazığım gəlir. Bu yaxınlarda ”Azərcell"də iki inanclı xanımı işdən çıxardılar. Dini ibadətə hazırlaşan, ixtisasca hüquqşünas olan üçüncü xanıma isə deyiblər ki, namaz qılıb başını örtsə, onu da işdən çıxmaq aqibəti gözləyir. Yaxud hicablı xanımların təhsildən uzaqlaşdırılması təhlükəsi və gələcəkdə onlar təhsildən kənarda qala bilər. Cəmiyyətdə bu məsələlərə ümumi laqeydlik var. İndi qəribə ifadələr səslənir: məscidlər siyasi klublara çevrilib. Bunları aydınlaşdırmaq üçün səmimi müzakirələrə ehtiyac var".
İ.İbrahimoğlu onu da dedi ki, mətbuatda dini jurnalistika sahəsində ciddi boşluqlar olduğundan bu sahədə peşəkar jurnalistlərin yetişməsi üçün artıq dərslərə başlanıb: “Bu tədbir həm də elə bu dərslərin başlanmasının açılışı üçündür”.
Psixoloq Azad İsazadə dedi ki, təkcə dində deyil, bütün sahələrdə aqressivlik müşahidə olunur: “Cəmiyyətimiz psixoloji cəhətdən xəstə cəmiyyətdir. Cəmiyyətin sağalması üçün hamımız birgə düşünüb-daşınmalı, çıxış yolu tapmalıyıq”.
Professor Niyazi Mehdi ölkədə tolerantlığın olub-olmamasından bəhs etdi: “O cəmiyyət tolerantdır ki, müxtəlif dinlərin nümayəndələri bir-birinə dözümlü olsun, hörmətlə yanaşsın. Bu gün bir qrup radikal islamçıya baxıb bütün müsəlmanların radikal, yaxud bir qrup xristianın pis əməlini görüb bütün xristianların pis olduğunu düşünmək yanlışdır”.
“İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi dövlətin dini sahədəki gərginliklə bağlı tədbirlər görməsini, dini ədəbiyyatın nəşrinə senzura qoyulmasını təklif etdi: “Dini ədəbiyyatın nəşrinə, satışına təzyiq varsa, bəlkə onların nəşri üçün mütəxəssislər müzakirələr aparsın? Yəni dinlə bağlı nəyi oxumağın, nəyi öyrənməyin fərqində olmalıyıq”.
İ.İbrahimoğlu cavabında dedi ki, dini ədəbiyyata senzura qoyulması bu sahədəki gərginliyi daha da artıra bilər.
Politoloq Rasim Musabəyov hazırda ölkəmizdə tolerantlıqdan çox biganəliyi müşahidə etdiyini bildirdi. Hüquq müdafiəçisi Novella Cəfəroğlu hazırda Həcc ziyarətinə gedənlərin çoxunun korrupsioner olmasından və hicablı qadınların hüquqlarını qorumaqdan bəhs etdi: “Dəyərlərimiz itib. Bu gün Həccə gedənlərin 80 faizi rüşvətxordur, onlar ziyarətdən qayıdandan sonra da belə pis əməllərlə məşğul olur. Hicablı xanımlar bu əməli qəlbən edirsə, onları müdafiə etməyə hazırıq”.
Jurnalist Şahvələd Çobanoğlu bəşəri dəyərlərin qorunmasından danışdı: “Başqalarının azadlığına aqressiya haradandır? Bunun səbəbi tapılmalıdır. Qərbdə insanların öz azadlıqları qorunduğundan, onlar başqalarının azadlığına müdaxilə etmir. Məncə, dini dəyərlərin qorunması üçün mətbuatda açıq müzakirələrə ehtiyac var. Təhqir olmamaq şərtilə bütün sahələr tənqid olunmalıdır. İstərdim ki, dindarlar başqa sahədə də fəallıq göstərsin”.
Jurnalist Çingiz Sultansoy hazırda telekanallarda daha çox mənəvi dəyərlərdən haqqı olmayanların danışdığını vurğuladı: “Yalançı efirə çıxıb deyir ki, bu xalq yalançıdır. Nə haqla? Bu gün tok-şoulara daha çox müğənnilər dəvət olunur, mənəvi dəyərlərdən bəhs edən verilişlər yox dərəcəsindədir. Buna da önəm vermək lazımdır”.
Sevil Hilalqızı

Xəbərlər, İslam | Şərhlər(0)
Baxış sayı: 174
Açar sözlər: din 
Bookmark and Share


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha