Reklam verin!

GÖZƏL məkan

Burda hər kəsin yeri var!

Dekabr 4, 2007 11:25

  İSLAM və İSLAM və AZƏRBAYCAN ZİYALISI ZİYALISI

İlqar İbrahimoğlu«Din vasitəsilə azadfikirliliyin məhdudlaşdırılması» barədə iddiasını irəli sürən cənab Z. Məmmədliyə qarşı cavab tezisləri.
 

Dəyərli Zeynal Məmmədli cənablarının «Zeynal Məmmədli din vasitəsilə azadfikirliliyin məhdudlaşdırılmasına qarşı» mövzusundakı tezislərini ürək ağrısı ilə oxudum. Qarşımda Azərbaycan ziyalılığına iddialı olan bir insanın faciəsi canlandı. O Azərbaycan ziyalısı ki, Sovet dönəmində ziyalıdan məlumatlıya çevrildi. Fobiyalarla dolu, öz milli-mənəvi ruhundan uzaq düşmüş bir zavallı Azərbaycan savadlısı, daha dəqiq və obyektiv söyləsək, məlumatlısı. Fərqli düşüncəyə apriori yad baxan, sanki gizlətdiyi irticavi mahiyyətində bir «qırmızı antidinçilik" gizlənmiş.


O antidinçilik ki, Hacı Zeynalabidinləri, Şeyx Qəniləri təqiblərə məruz qoymaq, məbədləri, ibadətgahları partladıb yerlə yeksan etmək, evlərində Quran tapılan insanların nəslini Sibirə sürgün etməklə xəmiri yoğrulmuşdur. Sonradan, bu antidinçilik ümumi bir daxili ikraha – düşünən, sevən, eşqlə çırpınan hər nə varsa – hər şeyə qarşı bir qlobal nifrətə keçdi. Bu nifrətin qurbanları üzü Hüseyn Cavid, Salman Mümtaz, Mikayıl Müşfiq kimi korifeylərdən tutmuş, adicə bir fərqli düşünmək istəyən, azad nəfəs almaq istəyən hər bir kəs oldu. Hər bir insan ki, axtarırdı, düşünürdü, sorurdu – bu nifrətdən qaynaqlanan bir dövlətin dəyirman daşıtək üyüdən mexanizminə qurban gedirdi. Dzerjinskilər, Yejovlar, Beriyalar, Margelovlar bu sistemin, bəziləri düşündüyü kimi, generatorları deyildi. Onlar milyonlarla lümpenlərin qidalandırdığı bu nifrətin layiqli təzahürçüləri, ən sistemli və ardıcıl daşıyıcıları idi. Əsrlərdən bəri zülmətin işığa, tənbəlliyin əməyə, stereotiplərin düşüncəyə, eqoizmin altruizmə qarşı qəlbinin dərin qatlarında bəslədiyi nifrətin, nəhayət ki, «uğurlu» bir çıxışı tapılmışdı. Harada fərqli söz yazan, sonra danışan, sonra isə sadəcə düşünmək istəyən varsa, bu yeni «tarixi ümumiliyin» hədəfində idi. Müvafiq olaraq, «rabkrin» - «fəhlə-kəndli intelligensiyası» da uyğun ab-hava ilə yaşamalı, hətta, bu prosesin lokomotivinə çevrilməli idi.  Zaman ötdü, illər keçdi, «ziyalı» adı daşıyana isə tələb eyni qaldı – stereotiplərin və ştampların çərçivəsindən kənara çıxmamaq, tanımadan, anlamadan, bəzən bilərəkdən özü üçün yad olanı, damğalayacaq, strereotipli baxışları, "qırmızı terror" ətaləti ilə insanları siniflərə, "mənimlə deyilsənsə düşmənsən və sənə qarşı hər cür rəftarı mümkün sayiram" məntiqindən irəli gələn qəzəb nümayişi yeni vüsətlər alacaq.  Bu kontekstdə, təəssüflə qeyd etməliyik ki, çox hörmətli Zeynal müəllimin iddiasında da «rabkrin» izi yetərincə hiss edilir. Bu, ilk növbədə, «ideoloji düşmən»lə mübarizədə istifadə edilən qeyri-elmi və indoktrinasion metodların bolluğunda da özünü təzahür edir. Elə başlanğıcdaca dəyərli Zeynal müəllim "din", "azadfikirlilik", "məhdudlaşdırma", "azadfikirli adam", "Azərbaycanda tanıdılan İslam" və digər istilahların istifadəsinə qeyri-elmi yanaşmış, öz istədiyi kimi bu anlamları təqdim etmiş və apriori təqdimatla mühakimələr yürütmüşdür. Beləliklə, elə debüt mərhələsindəcə debatların ana şərti olan elmilik, obyektivlik, insaflılıq məcrasından çıxılmış olur. Sovet ideoloji elmi üslubuna xas olan bu gediş, bugünkü dünyanın postmodernitə acısından doğan mühitdə də belə qəbula münasib sayılmır. Yəni, ümumiyətlə, elmi kontekstdən belə bir yanaşma qətiyyən məqbul sayılmır. Yəqin, ki, qəlbinin dərinliklərində Zeynal müəllim də bu həqiqəti etiraf etməmiş deyil. Təbii ki, "çünki bu İslam insana səhv etmək hüququ tanımır" - kimi iddiaları da bu qəbildən qiymətləndirmək olar. Əslində, bu – mücərrəd anlamlarla manipulasiya edib indoktrinasiya – içtimai rəyi çaşdırma kimi qimətləndirilməlidir. Zeynal müəllim bilməmiş deyil ki, «səhv» çox ümumi bir anlamdır. Elmi yanaşma tələb edir ki, iddiaçı əvvəlcə «səhv»in altında nəyi nəzərdə tutduğunu bəyan etsin, sonra isə – dinin fundamental postulatlarına qətiyyən bələd olmamasını nəzərə alsaq – ümumi həvəskar mülahizələrini auditoriyanın mühakiməsinə təqdim etsin. Obyektiv təhlilçilər və mütəxəssislər bilir ki, İslam dini insanların səhvlərinin bagışlanmasını, ələlxüsus, fərdi müstəvidə baş verən, səhv, xəta, hətta günahların (haqq pozuntularının) bağışlanmasını, güzəşt olunmasını istəyir. Fərdi haqqlarının pozulmasına məruz qalmış insanın bağışının müqabilində dinimiz böyük mənəvi mükafatlar vəd edir. Lakin, toplumun, ictimanın haqlarının pozulmasına yanaşma fərqlidir. Burada ictimai mahiyyətin və qəbahət dərəcəsinin ağırlığına görə, xüsusilə də iradənin və şüurlu qəsdin mövcudluğu baxımından yanaşma fərqlidir. Burada, cinayətin profilaktikası, ictimai təhlükəliklik, ictimai kompensasiya və cəmiyyətin normal yaşamını şərtləndirən digər amillərə istinad edilərək, müəyyən adekvat cəza fəlsəfəsi mövcuddur. Sirr deyil ki, dövləti və hakimiyyəti inkar edən anarxist-maksimalist kimi ifrat cərəyanları nəzərə almasaq, dünyada mövcud olan bütün məfkurə və hüquqi məktəblərdə cəza institutu nəzərdə tutulub. Əgər bir çox sistemlərdə bu – dövlət inkişaf etdikcə, yerindəcə özbaşına cəzalandırmanı (samosud) ictimai cəza mexanizmləri ilə tədricən əvəzləmə yolu ilə yaranmışdırsa, digər məfkurələrdə bu – cəmiyyətin düzgün yaşamının bazis prinsipləri babındandır. Amma hər bir halda, bütün dünyagörüşləri cəzanın fəlsəfəsində bu və ya digər müddəaları təsbit edir və obyektiv, qərəzsiz baxış cəza institutunun inkarını istisna edir.  Qeyd etmək lazımdır ki, "həqiqət güclüdür və onu öz ixtiyarına buraxdıqda qalib gəlir", "həqiqət yanlışlıqlara qarşı möhkəm və davamlı sipərdir", "insanların müdaxiləsi həqiqəti əsas silahından – diskussiya və mübahisələr azadlığından məhrum etməsə, heç bir münaqişə həqiqətə təhlükə yarada bilməz", "açıq şəkildə təkzib etmək mümkün olduqda səhvlər təhlükəli olmur", "Ulu Tanrı idrakı azad yaradıb və onun daim azad qalmasını istəyib", "Yaradanın göndərdiyi heç bir Müqəddəs Kitab idraka əngəl tanımır", "Çünki idrakı və ya anlayış yolu ilə yanlış, ya doğru bütün düşüncələr saf-çürük edilərək, əvvəl-axır, insanı Tanrı həqiqətinə qovuşdurur" kimi çoxsaylı tezislər, əsasən mübahisə doğurmayan mahiyyətə malikdir. Göstərilən iddianın əsası olaraq belə tezislərdən istifadə olunması isə müəyyən mənada jonqlyorluq sənətinə aiddir. Belə ki, irəli sürülən iddianın nə preambluasına, nə əsas hissəsinə, nə də nəticəsinə aid olmadığı halda, çoxları tərəfindən qəbul edilən bu fikirlərin bol-boluna işlədilməsi – iddianın əsassızlığını, dəlillərin qeyri-mövcudluğunu, əsas tezislərin heç bir tənqidə davamlı olmadığını pərdələmək cəhdindən başqa bir şey deyildir.
İndi isə hörmətli Zeynal müəllimin tezislərinə blits-nəzər salaq. "Özünün baxışlarını yeganə düzgün və xətasız baxış kimi təqdim edən dünyəvi hakimiyyətlər deyil, dini rəhbərlər də günaha yuvarlanırlar" - bunun bizim bəhsə nə aidiyəti. "Sizin müdafiə etdiyiniz İslam «müsəlman», «mömin» anlayışlarını elə daraldır ki, yüz minlərlə namaz qılmayan, oruc tutmayan azərbaycanlı ən yaxşı halda yarımçıq müsəlman sayılır" – əcəba, bu nə yanaşma? Məgər müəyyən anlayışda ehtiva olunan şərtlərə müvafiq olmayan kimsə hansısa sistemdə bu anlayışa aid edilirmi? "Mənim müdafiə etdiyim azadfikirli vətəndaşlar, özəlliklə intellektuallar-ateistlər, mömin müsəlman kimi görünməyənlər, Allaha inanan, ancaq oruc tutmayan və namaz qılmayanlar dindarların, müsəlmanların hamısına yox, aqressiv dindarlara, yəni başqalarını əyri yolda sayan dindarlara (Azərbaycan şəraitində bunlar islamçılardır) mənfi yanaşır" – tezisi yenə də sovet «ideoloji qırmızı terror» yanaşması. Belə ki "azadfikirli vətəndaşlar" yəni kimlər? İntellektuallar" - yəni kimlər? "İslamçılar" - yenə damğalarmı qoyulur? "Müvəqqəti cəzalar, yaxud çətinliklər, ya da vətəndaş hüquqlarından məhrum etməklə ağla, düşüncəyə təsir göstərmək cəhdləri yalnız ikiüzlülük hallarının yaranmasına və şərəfsiz addımların atılmasına gətirib çıxarır" - ağıl, duşuncə ilə İslamın nə problemi var ki? Ünvanına deyilməyən sözlər. "Bir ziyalı ifrata varan dinçidən niyə qorxur? O üzdən qorxur ki, eynən mülki hakimiyyət kimi hakimiyyə can atan hər hansı dinçiyə, o sıradan islamçıya da insanların dünyagörüşü sahəsinə müdaxilə etməsinə, hər hansı prinsipləri yanlış sayaraq onların təbliğ edilməsinə, yaxud yayılmasına mane olmaq imkanının verilməsi bütün dini azadlığı dərhal məhv edə biləcək təhlükəli bir yanlışlıqdır, çünki bu halda şəksiz hakim rolunda çıxış edən hakimiyyət öz baxışlarını mühakimə meyarlarına çevirəcək və başqalarının baxışlarını özününkünə uyğun gəlib-gəlməməsinə görə bəyənəcək və ya rədd edəcəkdir" - bu fikirlər artıq doqmasekulyar, avtoritar-etatist yanaşma kimi heç bir yerdə, o cümlədən, Qərbdə də aktual deyil. Əslində isə islamofobiya təzahürlırindın başqa bir şey deyil.  "Ziyalı aşırı dinçilikdən o üzdən qorxur ki, Azad Sözə qarşı YUMRUQ və ya Cəllad Kötüyü görə və o da Rafiq Tağının aqibətini yaşaya bilər. Cahil insanların «ölüm» hədəsini yaşaya, aqil dindarlardan nifrət görə bilər" - nə vaxtdan təhqir və alçaltma "azad söz sayılır? Hansı məfkurədə böyük sayda insanın əqidəsini, müqəddəs hisslərini təhqir etmsək «azad söz»ə aid edilir?! Hansı hüquq sistemində birisini təhqir etmişə «azad sözün və özünüifadənin inkişafına verdiyi töfhəyə görə mükafat» verilir?! Nə vaxtadək gözəl sözlər arxasında eybəcər mahiyyətli işləri gizlətmək cəhdləri ediləcəkdir?! "Uzun sərlərin sınağından çıxan azadfikirlilər bütün insanları dini etiqadlarında azad sayırlar. Hər kəs dini məsələlərə dair öz baxışlarını sərbəstjə müdafiə edə bilər. Hətta Rafiq Tağı olayındakı kimi gerçəkdən pislənməli söz və davranışlar da insanların hüquqlarını məhdudlaşdırmağa, onlara hər hansı formada mənfi təsir göstərməyə əsas vermir" - yenə də "azadfikirlilər"- yəni kim? Təhqir və söz arasinda fərq beləmi çətin sezilir?  "Kimsəyə dini baxışlarına və ya əqidəsinə görə zor tətbiq etmək, onun fəaliyyətini məhdudlaşdırmaq, təzyiq göstərmək, yaxud  hansı başqa iztirablara düçar etmək olmaz. İnanc seçmək insanın təbii hüququ sayılmalıdır" - təbii, amma bunun bizim mövzuya nə aidiyyəti var? "Siz indi bunu demirsiniz, ancaq tərəfdar çıxdığınız islamçı şüur elədir ki, həmişə ekspansiya etmək, totallaşmaq arzusundadır. Ona görə də fürsət düşən kimi hətta Dövlətin Şəriət təməlində idarə olunmasını da istəyir", "Azadfikirli Azərbaycan vətəndaşı, özəlliklə ziyalılar ifrat dindarlığın cəmiyyət həyatına müdaxiləsindən qorxurlar. O üzdən qorxurlar ki, cəmiyyət həyatında fəallaşan din, önü-sonu, hakimiyyətə can atır. Demokratik gələnəkləri bu qədər zəif və gözəgörünməz olan Azərbaycanda dini hakimiyyət, hətta bir möcüzə baş versə və məhz demokratik seçkilər yolu ilə hakimiyyətə gəlsə belə, «olarlar» deyil, «olmazlar» məntiqinə əsaslanacaq və mövcud mülki hakimiyyətin daha qorxunc, daha qəddar, daha təcridçi formasına çevriləcək" – hazırki tezis isə məntiqi yükdən məhrum olan «politoloji proqnoz» kimi uğursuzluqda misli az tapılan fikir kimi politologiya dərsliklərinə daxil edilə bilər. Zeynal müəllim başda olmaqla, bütün azadfikirliyə iddialı insanlar təsdiq edər ki, göstərilmiş tezis məntiqi yükdən tamamilə məhrumdur. Belə ki, "azadfikirli insanlar" statusuna kim malikdir? Bu statusu paylamaq səlahiyyəti hansı orqana və kim tərəfindən verilib? Azadfikirlilik statusunu paylayan orqanın istehlakçıları arasında dinə və inanca münasibətlə əlaqədar kim sosioloji sorğular aparıb? Bu sorğuların elmilik və relevantlıq səviyyəsini kim və hansı metodikaya əsasən müəyyən edib? Ritorik suallardır. Amma sovet ideologiyasının sinifləmə apoloqetlərinin metodikasına tam uyğun olaraq, irəli sürülmüş tezisdir – desək, zənnimcə yanılmarıq. Amma dinə qarşı nə qədər dərin və köklü fobiya… "Dünyanın heç yerində dini hakimiyyətlər liberal-demokratik dəyərlərə xüsusi sayqısıyla seçilməyib, özəlliklə İran və Əfqanıstan kimi müsəlman ölkələrində isə (beynəlxalq faktorları nə qədər şişirtsək də) xalqa «kökə və kötək», etnik zülm, linç və xüsusən qadınları aşağılama gerçəyindən başqa heç nə verməyib". "Çox zəngin və külfəti Avropalarda, Amerikalarda dincəlib kef çəkən dini rəhbərlər dövlət büdcəsini yağmalayan mülki məmurlar və siyasətçilərlə müqayiəsədə daha acgöz və xalqa biganə görünmürlərmi?" – bunun islama və inanca nə aidiyyəti? Yenə anlayışların süni surətdə əvəzlənməsi ilə xarakterizə olunan sovet ideoloji ştampları və vərdişləri? "Bu baxımdan DİNin yalnız özəl yaşamla məhdudlaşması daha məqsədəuyğun deyilmi?  Çağdaş cəmiyyətlərdə özəl və ictimai yaşamın dəqiq sərhədlənməsi bir şərtdir. Vəzifəli şəxslər, ictimai şəxsiyyətlər «özəl yaşam»larının tam daralmasına razı olmağa məhkumdurlar. Din cəmiyyətə deyil, fərdə ünvanlananda məqsədinə çatır. İctimai əxlaqı dünyəvi dəyərlərə buraxmaq daha doğru olmazdımı? Bu, dini hədsiz müdaxiləçilikdən qorumazdımı?" - yenə də doqmasekulyarist və etatist yanaşma.     "Ateist Mirzə Fətəli Axundov bir çox fəal dindardan daha işıqlı, daha faydalı təsir göstərməyibmi? Ədalətsizliyi, zülmü, tamahkarlığı və s. naqis özəllikləri ifşa etməklə Uja Tanrı qarşısında özünü doğrultmayıbmı? Bəzən inkar etmək də böyük Doğrunu təsdiq etmənin yolu deyilmi? "  - çox mübahisəli və ayrıca müzakirə olunmalı tezilərdir, lakin mövzumuza nə aidiyyəti? "Mən sizin islamçılıqdan çağımızda belə ateistləri qorumaq istəyərək deyirəm ki, insanın dəyəri onun inanjlı-inanjsız olmasından çıxmır. İnsanın dəyəri onun yaxşı olmaqda mətanətindən, düşüncələrində, davranışlarında istedadından çıxır. Kimlərsə bu mətanəti inancdan alır, ancaq kimlərsə onu ateimzdən ala bilər. Mənim müdafiə etdiyim ateizm insanlara belə yanaşır. Sizin islamçılıqsa öncə ayrı-seçkiliyi namaz qılıb oruc tutanlarla bunları etməyənlər arasında salır və  daha sonra «özününküləri» daha əziz tutur" - hələ ki, siniflərə Siz bölürsünüz. Və təəssüf ki, sadaladıgınız bir çox yanlışlıqlar praktikada Sizdən görünür. "Mənim vəkillik etdiyim ateizm sovet ateizmi deyil, hərçənd sovet atizmi də, ikiüzlü halları çıxanda, bəlli sınırlarda dini baxışların yaşamaq haqqını tanıyırdı. Mənim vəkillik etdiyim ateizm insanın dövlət doktrininə, dövlət ideologiyasına görə yox, şəxsi axtarışlarına, şəxsi narazılıqlarına görə gəldiyi ateizmdir. Ateizmin küfründən, TANRINI AXTARMAQ baxımından faydası barədə ağızlarına su alıb susurlar? Nədən Uca Yaradanı (Tanrı məni bağışlasın -- ifadəmin cəzasını özüm çəkim) özəlləşdirmək istəyirlər?" - zatında təzaddan ibarət mülahizələrdir. Məntiqi yükü olmadığından müzakirə predmeti ola bilməz. "Məhz bu acı istəyin sonucuydu ki, Mirzə Fətəlinin cəsədi belə lənətlənərək 2 gün dəfn edilməmiş və diri Axundov kimi, ölü Axundov da digər din mənsublarının mərhəmətinə sığınmaq məcburiyyətində qalmışdı" – yenə də zatında ziddiyyət olan bir fikir. Sizin sözünə görə, M.F. Axundov müsəlman olmayıbdır. Bəs onun müsəlman olmadığı təqdirdə, müsəlman hüquqi məktəbinin dəfnə aid müddəalarının ona aid edilməsi iddiaları nədən qaynaqlanır? Ümumilikdə isə, bizim bəhsə nə aidiyəti?  "Azadfikirlilər dinçilərin köhnəbazlığından, dəyişə bilməməsindən, hətta dəyişmək istəməməsindən və dəyişmək istəyənlərə düşmən gözüylə baxmalarından rahatsızdırlar. Onlar öz-özlərindən tez-tez soruşurlar ki, İslam niyə modernləşdirilmir? Nədən «kamikadzelik», terror və yoxsulluq müsəlman ölkələrinin yol yoldaşıdır? Nədən söz yox, silah danışır? Polemika-müzakirə-debat və fikir alış-verişi əvəzinə dadsız və qəliz moizələr İslama sayqımı gətirir? Belə moizələri oxuyub yeganə həqiqət kimi anlayanlar filin ayrı-ayrı hissələrinə toxunub bu təmaslarından gəldiyi nəticələrə görə, fili bütövlükdə təsəvvür etməyə çalışanlara bənzəmirmi?"- ünvanı üzrə ünvanlanmadiğindan müzakirəyə yer qalmır. Dindarlığın yalnız zahiri özəlliklərini qabartmaqla, ibadət, oruc-namaz vərdişləri ilə azadfikirli insanları hürkütmürükmü?" - kim bunu edir ki? Anlaşılmaz iddiadır və mövzuya aidiyyəti yoxdur.  "Azərbaycanın azadfikirli vətəndaşları o üzdən ifrat dinçilərdən qorxurlar ki, bu gün baş örtüyünü milli problem səviyyəsinə qaldıranlar sabah bütövlükdə ÖRTÜNMƏni baş tələbə çevirə, bilərəkdən ya bilməyərəkdən, cəmiyyət həyatında qapanmanı, qeyri-şəffaflığı norma saya bilərlər" – təəssüf ki, demoqoqiya bazasında xalis indoktrinasiyadır.  "Cüzi istisnalarla, hansı din xadimi bugünkü Azərbaycan cəmiyyətinin gerçək durumunu təhlil edib? Total korrupsiyaya, seçki saxtakarlığına, qanunların tapdanmasına səsini çıxarıb? Din adına danışanların, ruhani rəhbərlərin mövqe və sərvət yarışındakı qanunsuz və qəddar davranışlarına azmı misal  çəkmək olar? Və belələri nə vaxt səmimidirlər? Qadınların örtünməsini az qala başlıca hədəfləri kimi qələmə verəndə? Qorxunc miqyaslar alan insan ticarətinə, özəlliklə qadın və uşaq al-verinə göz yumanda? Yoxsa Azərbaycan Təhsil Nazirliyinin qadın müəllimlərə şalvar geyməmək barədə tövsiyəsini alqışlayanda?" - bu sualları bizəmi ünvanlayırsıniz? Beləmi hər şey görünməz oldu? Mətbuatımı izləmirsiniz? Çox oksümoron bir yanaşmadır. Bizim tənqid etdiyimizi bizim özümüzə iradmı tutmaq?! Əcəba!  Sonda bir böyük arzumuzu izhar etmək istərdik. Z.Məmmədli kimi dəyərli bir insanın, tezliklə sovet ideoloji ştamplarından və yanaşma stereotiplərindən, habelə, Qərbdə təzəcə təşəkkül tapmağa cəhd edən islamofobiyanın çox əcaib sintezindən qaynaqlanan və fərqli düşüncəyə dərin hiddət və qıcıqla xarakterizə olunan bir dünyagörüşündən, mümkün ki, təhtəlşüur səviyyəsində olan dözümsüzlük sindromundan tezliklə qurtulmasını arzulayırıq. Eləcə də təvəqqe edirik ki, Z.Məmmədli cənabları əməl edən müsəlmanların bu cəmiyyətdə yaşayıb fərdən və cəmlə öz inanclarına əməl etmək, habelə əqidələrini təbliğ etmək kimi beynəlxalq və daxili hüquqi-normativ sənədlərdə təsbit olmuş hüququnu onlar üçün tanısın.
(İlqar İbrahimoğlu və Zeynal Məmmədli arasında debat)

     Hacı İlqar İbrahimoğlu,
     ilahimyyatçı-filosof,
     İçərişəhər «Cümə» məscidinin imam-camaatı



  

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com