AZƏRBAYCAN İNVESTİSİYA ŞİRKƏTİ İSLAM İNKİŞAF BANKI İLƏ ORTAQ SƏNƏDƏ İMZA ATACAQ
Azərbaycan şirkəti İslam bankının strukturu olan İslam inkişaf korporasiyası ilə birlikdə investisiya şirkəti yaradacaq
Bu gün Azərbaycan investisiya şirkəti və İslam inkişaf bankının strukturu olan özəl sektor üzrə İslam inkişaf korporasiyası, birgə investisiya şirkətinin yaradılması barədə memorandum imzalayacaq. Azərbaycan investisiya şirkətinin müşahidə şurasının qərarına əsasən, İslam inkişaf korporasiyası ilə yaradılacaq şirkətdə onun payı 25 % olacaq və bunun üçün 14 milyon dollar pul ödəniləcək.
Birgə investisiya şirkəti ölkənin qeyri-neft sektorunda fəaliyyət göstərən müəssisələrə investisiya qoyacaq. Amma şəriət qanunlarına zidd fəaliyyətlə məşğul olan, yəni spirtli içkilər və donuz ətindən hazırlanmış məhsul istehsal edən müəssisələr, eləcə də maliyyələşdirmə və sığorta xidməti göstərmədən standart şərtlər əsasında fəaliyyət göstərən banklar və sığorta şirkətləri birgə şirkətın partnyoru ola bilməyəcək.
Qeyd edək ki, 2 il ərzində şirkətin nizamnamə kapitalı 70 milyon dollara çatdırılacaq. Qurum təkcə təsisçilərinin hesabına maliyyələşməyəcək, həm də Yaxın Şərq və Fars körfəzi ölkələrindən olan investorların vəsaiti hesabına formalaşdırılacaq. Azərbaycan investisiya şirkətinin rəhbəri Anar Axundov hesab edir ki, birgə şirkət ərəb kapitalının Azərbaycan iqtisadiyyatına cəlb edilməsinə geniş imkan yaradacaq.


