Reklam verin!

GÖZƏL məkan

Burda hər kəsin yeri var!

Noyabr 26, 2007 21:00

  KiTAB OXUyaq

Kitab, qəzet, dərgi, radio, İnternet və televiziya həyatımıza girən, özlərinə çox möhkəm yer tutmuş informasiya və əyləncə vasitələridir. Azərbaycanda çox az adamın gündəlik yaşamında sadalanan vasitələr düşünməyə vadar edən, ona xəbər və ya bilik verən nəsnələrdir indi. Bu gün kitablardan bəhs edəcəyik. İş otağımda onlarladır belə nəşrlər. Hər gün artırlar. Hamamböcəkləri təkidir - mübarizə effekt vermir. Hətta bir ara qapıya "Dəyərli oxucular, lütfən, bura bir daha Azərbaycanda çap olunmuş kitab gətirməzdən əvvəl diqqətlə oxuyun, yazılanlara vaqif olun, sonra qoltuğunuza vurub yüyürün üstümə!" elanını yazmaq keçmişdi könlümdən. Çünki kitabla üstümə gələn oxucularım ox ucuna dönürlər. Niyəsi var.
Ölkədə kitab çapı, nəşriyyat və kitabçılıq konyuktura, bazarın tələbi və varlanmaq ehtirası adlanan üç gürzün altında xırçalanır. Bura bir para müəlliflərin bisavadlıq və korafəhmliyini də əlavə etsək, acı mənzərə yaranır. Cocuqlar üçün nağıllar, orta məktəb dərslikləri və dərs vəsaitlərindən tutmuş, bədii ədəbiyyata qədər bəzi nəşrləri mütaliə etmədən aparıb zibilliyə atmaq olar. Oxucular sağ olsun - həftədə neçə belə kitab yollayır və məni zorən də olsa, bu nəşrlərə göz atmağa vadar edirlər. Oxuduqlarım isə könül yarasıdır. Nağıllarımızın çap üslubu, təqdimat forması, illüstrasiyaların seçimi, mətnin yazılışı və qeyri zəruri məqamların toplusu bu kitabların uşaq düşməni olan kəslər tərəfindən hazırlanıb satışa çıxarıldığını qət etməyimə səbəb verir. Zira uşaqları sevən, onlara sayğı bəsləyən kəs "Tıq-Tıq xanım" adlı nağılda Siçan bəyi kiberpank stilli bir məxluq kimi təsvir etməz, "Cırtdan"dakı div toy müğənnilərini xatırlatmaz, "Tülkü həccə gedir"dəki sarıquyruq gerçəkdən də bizim din alverçilərinə bənzəməz. Belə nağıl kitabları uşaqlarda əqli düşüncə, insanvevərlik, mərdlik, cəsarət, vətənpərvərlik və qeyri hər insanda olsaı hisslər əvəzinə namərdlik, küstahlıq, yaltaqlıq, qorxaqlıq, sarsaqlıq və yalançılıq tərbiyə edir. Orta məktəb dərslik və dərs vəsaitlərindən bəhs edəndə isə sinirlənməmək mümkün deyil. Həmin nəşrlərin tam əksəriyyətinin müəlliflərini pedaqoжi və nasirlik fəaliyyətindən ömürlük diskvalifikasiya etmək, bəzilərini isə öz yazdıqlarını gündə bir neçə dəfə oxuyub əzbərləməyə, sonra da mantra kimi təkrarlamağa vadar etmək gərəkdir. Həddən ziyadə üslub, hərf, məntiq səhvləri; erməni budaq cümlələri; tərəkəmə qafasında qaynayıb rusdilli təqdimatından süzülmüş çöllük cümlələr, heç bir məntiqi əlaqəsi olmayan söz birləşmələri, vasitəli və vasitəsiz nitqin bir-birinə pərçimlənməsi, müəllifin söz ehtiyatının və leksika qanunlarına bələdlik sarıdan kasad olmasından xəbər verən sarsaq konstruksiyalar. Bunlar bizim cocuqlarımıza verdiyimiz dərsliklərdir. Peyin, at təri, turşumuş qatıq iyi verən dərsliklər, vəsaitlər, oxu kitabları. Aralarında nadir də olsa, yararlı, gerçəkdən də balalarımıza dünyanı və elmi öyrədən nüsxələr var ki, bu kitabların müəlliflərinə də səmimi təşəkkürlərimi bildirirəm. Orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuş dərslik və vəsaitlər də ibtidai siniflərdəki cocuqlara ünvanlanmış kitablardan fərqlənmir. Allahını tanımasalar da, barı quluna rəhm etməyən bisavadların qələmindən çıxmış bu söz yığınına sərf edilən vaxtın maniakal istəklə xərclənməsinə heyrət edirəm hərdən. Əql və savaddan qıvraq kəslərin canlarına cəfa qatıb ortaya qoyduqları boyalı kağız toplularınını bir kənara qoyanda, üç-dörd kitabı gerçəkdən də, yeniyetmələrimizə məsləhət görmək olar. Çap səviyyəsi və poliqrafik durumu bərbad olsa da, oradakı mətn layiqli nəsnədir. Məktəbdən çıxıb ali təhsil müəssisələrində oxuyan gənclər üçün nəzərdə tutulmuş nəşrlərə çatanda da eyni mənzərə, həmin hal, fərqsiz durum. Sadəcə, müəlliflər, çap forması, rənglər, üz qabıqları, hərflər və kolontitullar fərqli. Bədii ədəbiyyat güzərgahına adlayanda isə burada əsasən gənc yazarlarımızın xiyabanında dolaşırıq. Çünki ölmüş klassiklərlə canlı, amma klassikliyə iddialı və bu boş EQO-nun mənasızlığını anlamayan kəslərin kitab yığınlarının betonlaşmağa başlamış səfləri arasında dolaşsaq, mütlən şəkildə oksigen balışlarına ehtiyacımız olar. Ki, boğulmayaq, tənəffüs edə bilək. Gənc yazarlarımızın bir parası yalançı anarxosindikalist, ortadakı qismi merkantil postmodernist, onların yanında duranlar natamam poststrukturalist, bu tərəfə meyllənənlər əyalət meşanlığından qurtarıb tox bürgerliyə can atan "Çıkıdım" tipli ədəbiyyat rinqtonları, sağ yöndəkilər "gedim onu gətirim ki, özüm də bilmirəm" şüarlı "hamıya qarşı MƏN!" deyənlər, lap kənarda isə millətçilər, türkçülər, rusçular, "fob"lar, "fon"lar, "ist"lər, "anti"lər, "bi"lər, maskulistlər, feministlər, köntöy filosoflar, yaramaz ateistlər, yararsız dinçilər və daha kimlər, kimlər. İstedadları pərgar kəslər susub ortalıqdan çəkiliblər ki, bəlkə uzaqdan pıçıldadıqlarını buradakılar eşidə bilsin. Eşitmirlər. Nəticədə də fikir tıxacının söz ishalı olan yazılar, pretensioz "filan və fəsməkanlar" ortada. Eşşəyin milçəyə məhəbbəti, adamın dəzgaha çevrilməsi, atın ağaca dırmaşıb siqaretin külünü Təpəgözün beysbolkasına silkələməsi və bu tür haqq-hesablardan bəhs edən sərsəm, aloqik, absurdist bir məntiq. Tarixin bitdiyi yerdə başlamaq istəyən posttarix elçiləri olduqlarını deyən, gənc ikən qocalmışlar. Eyvah onlara ki, gerçək istedadlara yazmağa, bizə də oxumağa bunca çətinlik yaradırlar... Həsən AĞACAN

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com