MƏTBUATDA DƏRC OLUNAN DİNİ YAZILARIN MONİTORİNQİ KEÇİRİLİB
Araşdırmanın nəticələrinə görə, dini təriqətdən bəhs edən məqalələrin 90 faizi vəhhabiliklə bağlıdır
Dünən Mətbuat Şurasının təşkilatçılığı ilə "Din və mətbuat" mövzusunda "dəyirmi masa" keçirilib. Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qurum Azərbaycan mətbuatında dini mövzuların işıqlandırılması ilə bağlı monitorinq keçirib (APA). Onun sözlərinə görə, monitorinq bu il oktyabrın 1-dən başlayaraq noyabrın 15-dək olan dövrü əhatə edib. Monitorinq zamanı bəlli olub ki, bu müddət ərzində ölkə mətbuatında dini mövzuda 645 yazı dərc edilib. Şura sədri deyib ki, məqalələrin 96 faizi islam dini, 3,5 faizi başqa dinlər, kiçik bir hissəsi isə dinin başqa sahələri ilə bağlı yazılıb.
Ə.Amaşovun sözlərinə görə, islam dini ilə bağlı yazıların təxminən 13 faizi dinin təbliğinə həsr olunub, 79 faiz yazılar isə dini təriqətlərdən bəhs edir. O qeyd edib ki, bu qrup yazıların 90 faizə qədəri vəhhabiliklə bağlıdır. Şura sədri onu da deyib ki, bu kimi yazıların 60-70 faizində mənbə göstərilmir, 20 faizə qədərində isə mənbə kimi İnternet materiallarından istifadə olunub.
İslam Universitetinin rektoru professor Hacı Sabir Həsənli Azərbaycanda yüzlərlə gəncin, ailənin vəhhabiliyin, protestantlığın təsiri altında olmasından narahatlığını bildirib: "Mən ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərindən etibarən ölkəmizə missionerlərin gəlməsindən narahat olmağa başlamışam. O zamandan, hələ SSRİ dövründən Azərbaycana missionerlər gəlib-getməyə başladı. Belə təşkilatlardan biri də ADRA təşkilatı idi. Onlar Gəncədə də yer almışdılar. Təəssüf ki, onların orduya da ayaq açması barədə məlumatlar yayıldı. Uzun saqqal saxlayan, qısa şalvar geyinən insanlar, yəni vəhhabilərin də ölkəmizə axını o vaxtdan başlayıb. Mən hələ o vaxt deyirdim ki, bunun Azərbaycan üçün nəticəsi pis olacaq".
"Dəyirmi masa"da çıxış edən Hacı Sabir bildirib ki, Avropadan olan missioner qrupların da Azərbaycana gəlişi həmin dövrə təsadüf edir: "O zaman bu cür qruplar Bakının ayrı-ayrı yerlərində özlərinə ofislər icarəyə götürmüşdü. Hətta bir qrup icarə əsasında Mahnı Teatrında yerləşirdi. Belə qruplar o zamanlar yarımrəsmi, ya da icazəli fəaliyyət göstərirdi. Şübhəsiz ki, bütün bunlar müəyyən bir nəticəyə gətirib çıxaracaqdı".
Azərbaycanda vəhhabiliyin yayılması barədə mətbuatda dərc olunan məqalələrə münasibət bildirən Hacı Sabir deyib ki, vəhhabiliyi təriqət kimi təqdim etmək düzgün deyil: "Vəhhabilik təriqət deyil, siyasi cərəyandır. Bu təriqət yarandığı gündən siyasi hədəfləri olub. Əgər bu gün də Azərbaycanda vəhhabilik mövcuddursa, deməli, ortada siyasi hədəf var. Hər bir vəhhabi gəncin söhbətlərindən görünür ki, hədəf siyasi hakimiyyətə gəlməkdir".
Azərbaycanda missioner təşkilatların, qrupların qeydə alınması məsələsindən danışan dinşünas alim Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə də toxunub. Hacı Sabir deyib ki, komitə fəaliyyət göstərdiyi müddət ərzində çox şeyə nail ola bilərdi: "Azərbaycan dövlətinə xələl gətirən qurumları qeydə almaq lazım deyildi. Ola bilsin ki, beynəlxalq qurumlar həmin təşkilatları qeydə almaq üçün təzyiqlər göstərib, amma buna görə həmin təşkilatları qeydə almaq olmaz".
Hacı Sabir ordunun da protestantların təsiri altına düşməsi barədə məlumatlara münasibət bildirərkən deyib ki, bunun ən qorxulu cəhətlərindən biri onların ələ silah götürməyi özlərinə günah bilmələridir. Hacı Sabir onu da deyib ki, on il əvvəlki dövrlə müqayisədə Azərbaycanda missionerlik sahəsindəki fəaliyyət o qədər də qorxulu deyil. O bildirib ki, bu sahədə 10 il əvvəlki qədər fəallıq müşahidə olunmur. O qeyd edib ki, missioner təşkilatlarına, vəhhabiliyə qarşı mübarizədə həbslər, təzyiqlər yetərli deyil, bu sahədə təbliğat işini gücləndirmək lazımdır.
ayna
