METRODA QURANIN SATIŞI YASAQLANIB
Tağı Əhmədov isə bunun əksini deyir
“Qadağa səbəbsiz yerədir” söyləyən məmur öz addımını “metro dini ədəbiyyatın satışı ilə məşğul olmalı deyil” deməklə əsaslandırmağa çalışıb. Xatırlatmaq yerinə düşər ki, 6 ay öncəyədək metro girişlərində təkcə Qurani-Kərim, İncil, Tövrat deyil, eyni zamanda ölkədə fəaliyyət göstərən dini təriqətlər tərəfindən nəşr edilən ədəbiyyatlar da satılırdı. Missionerlər üçün metro xüsusilə əlverişli fəaliyyət zonası hesab olunurdu. Və bu ədəbiyyatların satışı daha çox səyyari şəkildə həyata keçirilirdi. Onu da nəzərə çatdıraq ki, T.Əhmədovun məlum qadağasının müxtəlif təriqətlərin ədəbiyyatları ilə yanaşı, Qurani-Kərimə də şamil edildiyi yönündə məlumatlar yayılıb.
Dünən metrostansiyalarda reyd keçirib vəziyyətlə yaxından tanış olmağı qərara aldıq. Əvvəlcə “Gənclik” stansiyasındakı qəzet və kitab köşklərində dini ədəbiyyatın satılıb-satılmaması ilə maraqlandıq. Yaxınlaşdığımız ilk dükandakı satıcı, ümumiyyətlə, dini ədəbiyyatın satışını dayandırdıqlarını söylədi. Digərində isə vitrində olmasa da, satışda Quran var idi. Belə ki, metropoliten rəhbərliyinin qadağasından sonra səmavi kitabı açıq şəkildə satmaqdan çəkinən satıcılar müqəddəs kitabı piştaxtanın altında gizlətmək məcburiyyətində qalıblar.
Digər dini ədəbiyyatların da əlaltından satışının aparılıb-aparılmaması ilə maraqlandıq. Satıcı bildirdi ki, belə kitablarla bağlı qadağa xüsusilə ciddidir: “Metropoliten işçiləri tez-tez reyd keçirirlər. Satışda dini ədəbiyyat aşkarladıqda köşkün sahibinin “başını” ağrıdırlar”.
Müşahidələrimizi davam etdirib metronun “28 may” stansiyasına yollandıq. Stansiyada yerləşən 6 kitab köşkündən yalnız birində Quranın satıldığı məlum oldu. Satıcılarla söhbət əsnasında öyrəndik ki, “28 may”dakı tunellərdən birində yerləşən böyük dini kitab mağazasının qapısı sentyabr ayından möhürlənib: “Həmin dükanda müxtəlif dini təriqətlərə məxsus ədəbiyyatlar, hər ölçüdə Quran, İncil, Tövrat satılırdı. Metropoliten rəhbərliyi mağazanı bağlatdırdı”.
“Sizə Qurani-Kərimi satmaq qadağan edilibmi” sualımıza isə satıcılardan biri “ümumiyyətlə, metro ərazisində dini ədəbiyyatların yayımına qadağa qoyulub” deyə cavab verdi.
“Nizami”də də analoji situasiya ilə qarşılaşdıq. Bu stansiyada yerləşən köşklərdə Quranın satışı gizli aparılırdı. “Elmlər Akademiyası” stansiyasında isə fərqli vəziyyətin şahidi olduq. Burada Qurani-Kərimlə yanaşı əlaltından İncil də satılırdı.
LEYLA



“metro dini ədəbiyyatın satışı ilə məşğul olmalı deyil” bes goren metroda erotik veya dinimize , mentaletimize uyqun olmayan kitab , jurnal ve qezetlerin satishi ucun yerdimi ??? ve ya ehalinin gedish gelishine mane olan pal-paltarin satish yeridirmi??? ay Taqi mellim....
Noyabr 23, 2007 19:48