Ortaq türk dilinin yaradılması təklif olundu
Türk dövlət və cəmiyyətlərinin 11-ci Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayında çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ortaq türk dilinin yaradılması təklifi ilə çıxış edib.
Bununla yanaşı, cənab Ərdoğan türk xalqlarının beynəlxalq aləmdə ortaq xarici siyasətlə çıxış etməsini, dövlət başçılarının birgə fəaliyyət göstərən katibliyinin yaradılmasını təklif edib.
Bakıda keçirilən qurultaya 30 ölkədən 800 nümayəndə qatılıb.
Qurultayda hər kəs öz ana dilində çıxış etdi, düzdür, bu çıxışların bəziləri dünyanın 30 ölkəsindən gələn və fərqli ləhcələrdə danışanların hamısına tam aydın olmadı.
Bu səbəbdən də qurultayda çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ortaq türk dilinin yaradılmasını təklif etdi. O, həmçinin türk tarixinin yazılması və türk xalqlarının birgə xarici siyasət yürütməsinə tərəfdar olduğunu dedi.
Qurultaya toplaşanlarıın əksəriyyəti ortaq türkcəsinin yaradılmasının vaxtının çatdığını hesab edir.
Rumıniyada Krım tatarları icmasının nümayəndəsi Ömər Müzəkir dedi ki, türk dili ləhcələrinin bir-birinə uyğunlaşdırılması xalqların daha da yaxınlaşmasına yardımçı olar.
Azərbaycan Prezident Aparatı beynəlxalq əlaqələr şöbəsinin müdiri Növruz Məmmədovun fikrincə, ortaq türk dilinin yaradılması üçün türk cəmiyyətləri buna hazır olduqlarını nümayiş etdirməlidirlər.
Türkiyə baş naziri türk dövlət başçılarının daimi əsasda fəaliyyət göstərən katibliyinin yaradılmasını da təklif edib.
Novruz Məmmədov dedi ki, tarixdə və elə hazırda da buna dair çoxlu sayda misallar var.
Bəs, türk xalqlarını bir araya gətirmək məqsədi daşıyan, inteqrasiya ilə bağlı çağırışlar səslənən qurultay bu amalları yerinə yetirə biləcəkmi? Türk Tarix Qurumunun başqanı Yusif Halacoğlu hesab edir ki, ildən-ilə qurultayın nüfuzu artır, qarşıya qoyulan məqsədlər qloballaşır.
Həmişə təhsil, mədəniyyət, qarşılıqlı tanıtma məqsədlərini önə çəkən türk xalqlarının qurultayı bu dəfə bir qədər fərqli yöndə fəaliyyətinə başladı.
Belə ki, Ərdoğan türk dövlətlərini ortaq xarici siyasət yürütməyə çağırdı. O, İraq türkmənlərinin vəziyyətinin pis olduğunu, Şümali Kipr Türk Respublikasına qarşı ədalətsizliyə yol verildiyini, Dağlıq Qarabağ və Balkanlarda baş verən hadisələri xatirlatdı, çıxış yolunu türk xalqarının birliyində gördüyünü dedi.
Qurultay ilk dəfə idi ki, İlham Əliyevin təklifi ilə Türkiyədən kənarda, Bakıda keçirilirdi.
Qurultayın keçirilməsinə Azərbaycan prezidentinin rezerv fondundan 1,5milyon manat pul ayrılıb.
