AZƏRBAYCANDA QURANİ-KƏRİMİN SATIŞI QADAĞAN OLUNDU?
Metro və keçidlərdə fəaliyyət göstərən kitab mağazaları və köşklərdən dini şəkillər və süvenirlər yığışdırılıb
Azərbaycanda hər növ dini ədəbiyyatların satışına qadağa qoyulub. Bu barədə ANS PRESS-ə mağaza və qəzet köşklərində çalışan satıcılar məlumat veriblər. Onların sözlərinə görə, iki gün əvvəl özünü hüquq-mühafizə orqanın əməkdaşları kimi təqdim edən şəxslər dini ədəbiyyatların satışdan yığışdırılması haqqında göstərişlər veriblər. Bu gün səhər isə Qurani-Kərim, Şəriət kitabları, hədislər və Məhəmməd Peyğəmbərin həyatına dair kitablar metroda və keçidlərdə fəaliyyət göstərən mağazalardan yığışdırılıb.
ANS PRESS-in əməkdaşlarının köşklərdə apardığı monitorinqlər də deyilənləri təsdiq edib. Satıcılar və köşk sahibləri göstərişin kim tərəfindən verildiyini bilməsələr də, deyilənləri təsdiq ediblər. Onların dediklərinə görə, imamların şəkilləri, dini suvenirlər, təqvim və digər əşyaların da satışına qadağa qoyulub. Ərazinin aid olduğu müəssisələrdən dinə aid nə varsa satışdan çıxarılması barədə göstərişlər verilib.
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin mətbuat katibi Hacı Akif bu barədə məlumatsız olduğunu desə də, dini ədəbiyyatların satışına qadağaların qoyulmasını istisna etməyib. «Onların arasında zərərli dini ədəbiyyatlar var. Onların satışına qadağa qoyula bilər.
Bakı Metropoliteninin mətbuat xidmətindən isə məlumatı qismən təsdiq ediblər. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyevanın sözlərinə görə, bu metroya aid bir göstəriş deyil. «Dini ədəbiyyatların yığışdırılması haqqında göstəriş verilib. Amma Qurani-Kərimin satışına heç bir qadağa qoyulmayıb. Satıcıların əksəriyyəti savadsızdır. Ola bilsin onlar düzgün başa düşəyiblər», - deyə Nəzakət xanım əlavə edib. Bunun ardınca isə Nəzakət xanım öz dediyini Bakı Metropoliteninin Ticarət Departamentinə istinadən təkzib edib. «Mən elə bilirdim göstəriş verilib. Ticarət Departamenti deyir ki, heç bir göstəriş verilməyib. Ola bilsin satıcılar televizorda nə isə eşidib, qorxudan yığışdırıblar, elə bir göstəriş yoxdur».


